Qaynar xətt:

(+99450) 247 90 86

ZAUR ŞÜKÜROV: “İlham Əliyevin Bişkek səfəri Azərbaycanın regional və beynəlxalq mövqeyini daha da gücləndirir”  

ZAUR ŞÜKÜROV: “İlham Əliyevin Bişkek səfəri Azərbaycanın regional və beynəlxalq mövqeyini daha da gücləndirir”  

SİYASƏT

66

01.09.2026, 15:16

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 31-də Qırğızıstana işgüzar səfəri və Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirakı Azərbaycanın çoxtərəfli diplomatiyada fəal mövqeyini bir daha nümayiş etdirib. Xəbər verdiyimiz kimi, dövlət başçısı səfər çərçivəsində “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak edib və bir sıra dövlət başçıları ilə ikitərəfli görüşlər keçirib. Bişkekdə baş tutan təmaslarda Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyevin Ermənistan, Qazaxıstan, İran və Türkiyə liderləri ilə görüşləri də səfərin ikitərəfli gündəminin genişliyini göstərib. Səfər çərçivəsində ŞƏT platformasının yaratdığı çoxtərəfli imkanlar Azərbaycanın regional təhlükəsizlik, nəqliyyat-logistika və iqtisadi əməkdaşlıq məsələlərində mövqeyini təqdim etməsi baxımından diqqət çəkib. Xüsusilə Azərbaycanın Orta dəhlizin əsas iştirakçılarından biri kimi mövqeyi ŞƏT məkanında nəqliyyat və bağlantı məsələləri üzrə əməkdaşlıq üçün yeni imkanlar yaradır. Eyni zamanda, Çin də daxil olmaqla təşkilata üzv və tərəfdaş ölkələrlə inkişaf edən münasibətlər Azərbaycanın bu platformadakı rolunun genişləndirilməsi üçün mühüm zəmin formalaşdırır. Bütün bunlar Prezident İlham Əliyevin Bişkek səfərinin Azərbaycanın regional və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini artırır.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Zaur Şükürov Oxu24.com-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bir ay öncə Qırğız Respublikasına dövlət səfərinin ardınca 31 avqust-1 sentyabr tarixlərdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün yenidən bu ölkəyə işgüzar səfərinin həyata keçirilməsi ölkə başçımızın uğurlu xarici siyasət kursu çərçivəsində istər ikitərəfli, istərsə də çoxtərəfli formatda faydalı müzakirələrin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir:

“İlk olaraq “Şanxay beşliyi” formatında əməkdaşlıq platforması olaraq fəaliyyətə başlayan ŞƏT Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistanın iştirakı ilə 15 iyun 2001-ci ildə Şanxay (Çin) şəhərində rəsmi təsis edilib. Sonrakı illərdə Avrasiya materikinin digər ölkələri də bu təşkilata maraq göstərmiş və 2017-ci ildə Pakistanla Hindistan, 2023-cü ildə İran, 2024-cü ildə isə Belarus bu təşkilata üzv qəbul edilib. Hazırda on ölkə - Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan təşkilatın tamhüquqlu üzvüdür. Əfqanıstan və Monqolustan müşahidəçi, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka tərəfdaş statusuna malikdir”.

Deputat qeyd edib ki, fəaliyyət istiqamətləri əsasən təhlükəsizlik, ticari-iqtisadi, həmçinin nəqliyyat-logistika, bağlantılar və mədəni, humanitar ölçülər üzərində formalaşan ŞƏT-in məqsədləri sırasında regional sülh, sabitlik, inkişaf, üzv dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlıq, BMT-nin nizamnaməsi, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörməti ehtiva edən mühüm müddəalar yer alır.

Onun sözlərinə görə, Azərbaycanla ŞƏT arasında əməkdaşlıq rəsmi olaraq 2015-ci ildə ŞƏT-in üzv dövlətlərinin Başçıları Şurasının 10 iyul 2015-ci il tarixli qərarı və bunun ardınca 2016-cı il martın 14-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandum əsasında başlanmışdır. Preambula və beş maddədən ibarət Memorandumun 1-ci maddəsində tərəflər üçün qarşılıqlı maraq kəsb edən 10 istiqamət - regional təhlükəsizliyin və sabitliyin gücləndirilməsi, terrorçuluq, ekstremizm və separatçılıqla mübarizə, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz istehsalı və dövriyyəsinə qarşı fəaliyyət, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı mübarizə, ticarət və sərmayələr, energetika, telekommunikasiya, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, eləcə də kiçik və orta biznes subyektləri arasında birbaşa əlaqələrin təşviqi, hüquqi və gömrük məsələləri üzrə qarşılıqlı fəaliyyət, nəqliyyat və kommunikasiyalar sahəsində mövcud infrastrukturdan səmərəli istifadə, transregional multimodal nəqliyyat dəhlizlərinin və tranzit potensialının inkişaf etdirilməsi, mədəniyyət, elm və texnika, təhsil, səhiyyə və turizm sahələrində qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi, təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və onların fəsadlarının aradan qaldırılması istiqamətində qarşılıqlı yardım, sivilizasiyalararası dialoqun, multikulturalizmin və tolerantlığın gücləndirilməsi əməkdaşlıq sahələri olaraq müəyyən edilmişdir.

Zaur Şükürov vurğulayıb ki, Azərbaycanın ikitərəfli  və çoxtərəfli müstəvilərdə qeyd olunan sahələr üzrə beynəlxalq miqyasda fəal aktorlardan biri kimi çıxış etməsi, ŞƏT üzv, müşahidəçi və tərəfdaş statusunda olan dövlətlərinin əksəriyyəti ilə qarşılıqlı səmərəli əməkdaşlığın mövcudluğu, bəziləri ilə hətta əbədi dostluq, müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin qurulması, xüsusilə də ölkəmizin Orta dəhlizdə yerləşən “açar” dövlətlərdən biri olması, eyni zamanda, ailəmiz olan türk dünyasını təmsil edən Türk Dövlətləri Təşkilatının 3 üzv dövlətinin bu qurumda üzvlüyü, Türkiyə və Azərbaycanın isə tərəfdaş statusu ərazi, əhali sayı, ÜDM, ticari-iqtisadi, nəqliyyat-logistika, zəngin təbii ehtiyatlar, o cümlədən nadir metallar baxımından geniş imkanlara və potensial malik bu platforma çərçivəsində əməkdaşlığın əhəmiyyətli ola biləcəyini deməyə əsas verir. 

O bildirib ki, digər vacib məqamlardan biri də ŞƏT-də əsas üzvlərdən biri olan, davamlı inkişaf edən güclü iqtisadiyyata malik Çin Xalq Respublikası ilə ölkəmiz arasında son illər münasibətlərin daha da dərinləşməsidir:

“Məlum olduğu kimi, Prezident cənab İlham Əliyev ŞƏT-in builki Sammitindən öncə 2022, 2024 və 2025-ci illərdə ŞƏT-in Özbəkistanın Səmərqənd, Qazaxıstanın Astana və Çinin Tiencin şəhərində keçirilən toplantılarında iştirak etmişdir. 2025-ci ilin sentyabr ayında Tiencin şəhərində keçirilən görüş zamanı dövlət başçımız çıxışında Azərbaycan-Çin münasibətlərinə toxunaraq qeyd etmişdir ki: “Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı. Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləmişdir. Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq. Azərbaycan ilə Çin arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmlənir. Bu, siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyat-logistika sahələrini, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını ehtiva edir. Bu ilin iyul ayından bəri hər iki ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq olunur ki, bu da turizmin inkişafına təkan verir. Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk. Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq”.

Regional əməkdaşlıq, xüsusilə də nəqliyyat, bağlantılar, investisiya, ticari-iqtisadi əlaqələrin davamlılığı və səmərəliyi üçün ən vacib məqamlardan birinin sülh və sabitlik olduğunu qeyd edən deputatın sözlərinə görə, bu baxımdan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin heyrətamiz liderliyi, sərkərdəliyi, şəhidlərimizin, qazilərimizin, Azərbaycan Silahlı Qüvvələrinin misilsiz qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad edilməsi regionumuzun sülh şəraitində inkişafı üçün geniş imkanlar açdı. Azərbaycanın sülh gündəliyi əsasında Ermənistanla normallaşma prosesi istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə olunması da bunun bariz nümunəsidir. 

Normallaşma prosesi çərçivəsində, Orta dəhlizin mühüm hissəsi olan Zəngəzur dəhlizinin və bu layihənin vacib seqmenti TRİPP-in yaxın illərdə fəaliyyətə başlaması gələcəkdə Şərq-Qərb və Şimal-Cənub istiqamətində səmərəli nəqliyyat, fiber-optik bağlantıların həyata keçirilməsi, enerji, o cümlədən “yaşıl enerji”nin ötürülməsində əhəmiyyətli rol oynayacaq. 

“İnanırıq ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən enerji və nəqliyyat strategiyası və Prezident cənab İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi son dərəcə uğurlu siyasət, gələcəyə hesablanmış, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının və maliyyə institutlarının maraq göstərdiyi qlobal təşəbbüslər və layihələr nəinki ölkəmizin, o cümlədən bölgəmizin inkişafına, regional əməkdaşlığa, sülh və sabitliyin bərqərar olmasına mühüm töhfə verəcək”,- deyə deputat fikrini tamamlayıb. 

Çimnaz Telmanqızı