Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu törədilmiş cinayətin qüvvədə olma müddəti ilə bağlıdır.
Cinayət Məcəlləsinin 11-ci maddəsində Cinayət qanununun Azərbaycan Respublikası ərazisində törədilən cinayətlərə görə qüvvəsindən bəhs olunur.
11.1. Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır.
11.2. Azərbaycan Respublikasının ərazi sularında, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, Azərbaycan Respublikasının üzərindəki hava məkanında və iqtisadi zonasında törədilən cinayət Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır.
11.3. Azərbaycan Respublikasının hava və ya dəniz limanında qeydiyyatda olan, Azərbaycan Respublikasının Dövlət bayrağı və ya tanınma nişanı altında Azərbaycan Respublikasının hüdudlarından kənarda açıq sularda və ya hava fəzasında hərəkət edən su və ya hava gəmisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir.
11.4. Azərbaycan Respublikasının hərbi donanmasına və ya hərbi hava qüvvələrinə məxsus olan gəmidə cinayət törətmiş şəxs, həmin gəminin olduğu yerdən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir.
11.5. Azərbaycan Respublikası ərazisində cinayət törətmiş xarici dövlətlərin diplomatik nümayəndələrinin və toxunulmazlıq hüququna malik olan digər şəxslərin cinayət məsuliyyəti haqqında məsələ beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR