Hacıqabulda yaşayış yerlərində baş vermiş yanğınla bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, oktyabrın 12-də saat 01 radələrində Hacıqabul rayonunun Navahı qəsəbəsində taxta konstruksiyalı barak tipli yaşayış yerlərində yanğın baş verməsi barədə məlumat daxil olub.
Hacıqabul rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinin əməkdaşları və ekspertin iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib, həmçinin zəruri və təxirəsalınmaz istintaq hərəkətləri icra olunub.
Hadisə nəticəsində 5 nəfər şəxs - 1944-cü il təvəllüdlü Mütəllim Məmmədov, 1952-ci il təvəllüdlü Sara Abışova, 1981-ci il təvəllüdlü Aybəniz Abışova, 2010-cu il təvəllüdlü Zəhra Sadıqova və 2012-ci il təvəllüdlü Elgün Sadıqov ölüb, 1 nəfər şəxs - 1963-cü il təvəllüdlü Şölə Həsənova xəsarət alıb.
Xəsarət almış şəxsə xəstəxanada ambulator tibbi yardım göstərilib və hazırda vəziyyəti stabildir.
Hadisənin baş vermə səbəbinin müəyyən olunması istiqamətində Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR