İspaniyanın PLD Space şirkəti ilk dəfə özəl Miura 1 raketinin buraxılışını həyata keçirib.Cihaz sentyabrın 7-nə keçən gecə ölkənin cənubundakı Əndəlus bölgəsindəki hərbi bazadan havaya qalxıb.
Oxu24.com xəbər verir ki,bu barədə X (keçmiş Twitter) sosial şəbəkəsində PLD Space-in rəsmi hesabında məlumat verilib.
PLD Space buraxılışı uğurlu adlandırıb və əlavə edib ki, missiya öz məqsədlərinə nail olub.
“Miura 1” Kadiz körfəzi üzərində 46 km hündürlükdə uçaraq beş dəqiqəlik uçuşdan sonra Atlantik okeanına enib. Şirkət raketi sudan çıxarmaq üçün komanda göndərib.
12 metrlik PLD Space raketinin buraxılışı iki dəfə təxirə salınıb. İlk buraxılış 2023-cü ilin mayında baş tutmalı idi, lakin güclü külək səbəbindən ləğv edildi. İyun ayında edilən ikinci cəhd cihazı yanacaq və enerji ilə təmin edən şlanqların və kabellərin vaxtında ayrılması ilə bağlı problemlər üzündən baş tutmadı.
İspaniyanın Baş naziri Pedro Sançes PLD Space-in uğurunu ölkənin elmi və kosmik texnologiyası üçün mühüm mərhələ adlandırıb.
“İspan texnologiyasından istifadə edərək 100% qurulmuş ilk raket olan Miura 1-in buraxılışı uğurlu oldu. Bu, İspaniyanın tədqiqat, inkişaf və innovasiyalarını kosmik nəqliyyatın önündə yerləşdirən mühüm mərhələdir”, - Sançes X.
Miura 1, 2025-ci ilə qədər çəkisi 500 kq-a qədər olan peykləri orbitə çıxarmaq üçün nəzərdə tutulmuş 35 metr hündürlüyündə iki mərhələli daşıyıcı aparat olan Miura 5-in hazırlanmasında ilk addım idi.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR