Kapital Bank-ın dəstəyi ilə “Qırmızı Ürəklər” Fondu “Xəzəri Qoruyaq” aksiyasında iştirak etdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə 16 Sentyabr Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar ənənəvi olaraq hər il "Xəzəri qoruyaq!" şüarı altında keçirilən irimiqyaslı təmizlik aksiyası baş tutdu. Aksiyaya Kapital Bank-ın dəstəyi ilə Qırmızı Ürəklər Fondu da qoşuldu. Layihə çərçivəsində bankın əməkdaşlarından ibarət Fondunun könüllüləri Xəzərin Bilgəh sahili ərazisinin tullantılardan təmizlənməsində iştirak etdilər.
10 ildən çoxdur mütəmadi keçirilən aksiyaya 1000-ə yaxın könüllü qoşuldu. Kampaniyanın keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.
Son 30 il müddətində dünyanın 100-dən çox ölkəsində qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada “Xəzəri qoruyaq” şüarı ilə artıq 10 ildən çoxdur ki, iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir. Aksiyalar zamanı toplanan tullantıların miqdarı barədə məlumatlar “Ocean Conservancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.
Qeyd edək ki, “Qırmızı Ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
Oxu24.com
ŞƏRHLƏR