Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87903
az

“Nərmin işi”ndə generalın dindirilməsi tələb olunur

21:5125 Aprel, 2023
191
CƏMİYYƏT
  • A

Bir müddətdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kənd sakini İlkin Süleymanovun məhkəməsi davam edir. O, qonşusu olan 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb 47 gün yaşadığı evdə gizlətməkdə, öldürərək cəsədini yandırmaqda təqsirləndirilir. İki ildir davam edən məhkəmə iclasına hakim Dadaş İmanov sədrlik edir. Sonuncu məhkəmə iclasında vəkillər yenə də polis və prokurorluq orqanlarındakı vəzifəlilərin dindirilməsini istəyiblər.


OXU24.COM  Toplum TV-yə istinadən xəbər verir ki, dindirilməsi tələb olunan vəzifəli şəxslər Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin rəisi, general-mayor Arzu Daşdəmirov, Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi Kamal Qılıcov, Baş Prokurorluğun İstintaq İdarəsində bu cinayət işinin istintaqını aparmış müstəntiq Nadir Mirzəyev, Tovuz rayonunun keçmiş polis rəisi Şirzad Əsgərovdur.


Vəkillər hesab edirlər ki, həmin vəzifəlilər dindirilmədən məhkəmə obyektiv, ədalətli qərar qəbul edə bilməz:


“Məhkəmədə kənd sakinləri ifadələrində Kamal Qılıcovun hadisələr vaxtı kənddə olduğunu, prosesləri idarə etdiyini, adamlara, proseslərin gedişinə təsir göstərdiyini bildiriblər. Hansı əsasla? İlkin Süleymanovun telefonu Arzu Daşdəmirova verilib. Niyə? Ekspert də məhkəmədə təsdiqlədi ki, onun telefonuna müdaxilə olunub. Gəlsinlər, açıq qalan suallara aydınlıq gətirsinlər”.


Vəkillər bildiriblər ki, Nərminin anası məhkəmə ifadəsində deyib ki, yanmış meyit tapılmamışdan əvvəl həmin vaxt Tovuzun polis rəisi olmuş Şirzad Əsgərov onlara gəlib:


“Hələ ortada yanmış meyit yox idi, polis rəisi artıq gəlib anaya sual verib ki, əgər uşağın tanınmaz halda tapılarsa, hansı əlamətlərindən onu tanıya bilərsən? Bundan başqa, İlkin Süleymanov məhkəmədə 2 ildir deyir ki, polis şöbəsində rəis onu döyüb, təhqir edib. Ona görə də polis rəisinə veriləcək suallarımız var. O ki qaldı, istintaqı aparmış müstəntiqə, məhkəmədə xeyli ziddiyyətli hal üzə çıxdı, hadisə yerindən tapılmayan əşyaların ekspertin əlinə necə gedib çıxması məsələsi də qaranlıq qalıb. Müstəntiqin də dindirilməsini vacib hesab edirik. Çünki məhkəmədə dindirilən ekspert deyirdi ki, Nərminə məxsus olduğu iddia edilən həmin geyimləri ona müstəntiq verib. Sonradan onların da üzərindən təqsirləndirilən Süleymanovun geyiminin liflərinin tapıldığı iddia olunub. Müstəntiq gəlməlidir görək ki, hadisə yerindən tapılmayan o parçaları hardan tapıb ekspertə verib...”


Hakim Dadaş İmanovsa adları çəkilən vəzifəlilərin məhkəməyə dəvət olunmasına ehtiyac görməyib.


Vəkillər İlkin Süleymanova həbs olunarkən ilk günlərdə dövlət hesabına təyin edilmiş vəkil Araz Əhmədovun dindirilməsi üçün də vəsatət qaldırıblar:

Ətraflı

“İlkin Süleymanov məhkəmə iclaslarında deyib ki, dövlət tərəfindən təyin olunmuş vəkil dindirmələr zamanı onun yanında olmayıb, ona faktiki vəkillik etməyib. Ona görə də vəkil gəlib bu iddialara məhkəmədə aydınlıq gətirməlidir”.


Bu vəsatət də təmin olunmayıb. Hakim vəsatəti təmin etməməsini belə əsaslandırıb ki, vəkil peşə fəaliyyətinə görə dindirilə bilməz.


Vəkillərin daha bir vəsatəti Nərminin əmisi oğlu Ruslan Quliyevin dindirilməsi idi. Vəkillər deyir ki, azyaşlı yoxa çıxan vaxt onun harada olmasıyla bağlı ziddiyyətli ifadələr var. Üstəlik, bu şəxsin özü istintaqda dindirilsə də, prokurorluq onun adını sonradan məhkəməyə çağrılacaq şahidlər siyahısına daxil etməyib. Ancaq hakim əmioğlunu dindirməyi lazım bilməyib və bu vəsatəti də təmin etməyib.


İndiyədək vəkillərin məhkəmədə qaldırdıqları azı iyirmi vəsatəti təmin olunmayıb. Vəkillər deyir ki, bu fakt hakim kollegiyasının 10 yaşlı Nərminin başına gələnləri obyektiv araşdırmaqda maraqlı olmamasından xəbər verir.


2019-cu il noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Bu hadisəyə görə kənd sakini İlkin Süleymanov həbs olunub. O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələriylə ittiham edilir.


İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.
Bu məhkəmə iclası 2 ildir davam edir. İbtidai istintaq azyaşlı qızın İlkin Süleymanov tərəfindən qətlə yetirməsi qənaətinə gəlib.


İlkin Süleymanovsa məhkəmə ifadələrində cinayətin işgəncəylə boynuna qoyulmasından danışıb. Baş Prokurorluqsa işgəncə faktlarını təkzib edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

3-6 aylıq kurs bitirib setfikatla iş tapmaq mümkündür? - VİDEO
Hansı insanlar xərçəngə daha çox tutulur?
Kadırov Hüseynin toyunda tamada olacaq - VİDEO - FOTO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO