Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması yoldan Qarabağda yaşayan mülki ermənilərin istifadəsini məhdudlaşdırmır.
Oxu24.com xəbər verir ki, DSX-nin postunun qoyulması, əksinə qanuni və tənzimlənən gediş-gəliş üçün şərait yaradır.
Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və suverenliyinin növbəti təsdiqidir. Ermənistan birtərəfli qaydada Laçın-Xankəndi yolunun üzərində post qurduğundan Azərbaycan da adekvat addım atmalı idi.
Bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına da məlumat verilib.
Məntəqənin qurulmasından sonra sonrakı mərhələdə Qarabağda yaşayan ermənilər Azərbaycan hakimiyyətinin təklifini qəbul edərək reinteqrasiya məsələləri üzrə təmaslara başlamalıdırlar. Nə qədər tez bu proses başlayarsa, yerli erməni əhalisinin həyat tərzi bir o qədər yaxşılaşar. Rusiya Sülhməramlı Kontingenti bu prosesə maneə olmamalı, sabitliyin qorunmasına xidmət etməlidir.
Qeyd edək ki, ötən ilin dekabrın 12-dən etibarən etiraz aksiyasının başlanması ilə Xankəndi-Laçın yolunda nəzarət de-fakto Azərbaycan tərəfdən həyata keçirilirdi.
10 noyabr 2020-ci il Üçtərəfli bəyanatının müddəalarına zidd olaraq, Ermənistan və qanunsuz erməni hərbi birləşmələri yoldan hərbi məqsədlər, o cümlədən minaların daşınması üçün istifadə edirdilər. Azərbaycanın talan olunan təbii sərvətləri də bu yolla daşınırdı. Bu səbəbdən hazırda sülhməramlıların yerləşdiyi Azərbaycan ərazilərində 10 min nəfərdən artıq şəxsi heyəti olan ordu yaradıldı.
Xankəndi-Laçın yolunda 133 günlük etiraz aksiyası dövründə Ermənistan tərəfindən mina terroru və diversiyalalar mütəmadi olaraq törədilib. Ekoaktivistlər etiraza başlayanda da erməni təbliğatçıları deyirdilər ki, guya humanitar fəlakət yaradılır. Ermənilərin Laçın yolundan sui-istifadə etməsi halında mülki insanlarımızın həyatı üçün hər zaman təhlükələr ola bilərdi. Vəziyyətin bu formada davam etməsi Azərbaycan xalqı və dövləti üçün qəbuledilməz idi.
Dövlətin öz suveren ərazilərini qanunsuz müdaxilələrdən qoruması və sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi onun suveren və ayrılmaz hüququdur. Beynəlxalq ictimaiyyət bu hüququn ifadəsinə hörmətlə yanaşır.
Məlumat üçün bildirək ki, Praqa və Soçi sənədləri ilə Ermənistan rəhbərliyi Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Bu günlərdə parlamentdə çıxışı zamanı Nikol Paşinyan bunu bir daha təsdiq edib.
Oxu24.com
ŞƏRHLƏR