İqtisadiyyat Nazirliyinə məxsus "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri (həm də icraçı direktoru) dəyişib.
Oxu24.com bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, indiyə qədər "Azərlotereya" rəhbərlik edən Zafer Reisoğlu Türkiyənin ən böyük şans və mərc oyunları şirkəti “Misli.com”a icraçı direktor vəzifəsinə təyinat alıb. Onu şirkətin Maliyyə departamentinin rəhbəri Osman Karakuş əvəz edib.
Yeni rəhbər 1996-cı ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsi dövlət idarəçiliyi ixtisası üzrə bitirib, Qalatasaray Universitetində iqtisadiyyat hüququ üzrə magistr təhsilini, 2016-2017-ci illərdə İngiltərənin Durham Universitetində MBA təhsilini tamamlayıb.
O, karyerasına 1997-ci ildə “Vakıfbank”da maliyyə analitiki kimi başlayıb, 2003-2004-cü illərdə “Kuveyt Türk”də maliyyə analitiki, 2004-2010-cu illərdə “Turkcell Inteltek”də maliyyə meneceri, 2010-cu ildə “Azerinteltek” QSC-də mühasibat, vergi və xəzinədarlıq meneceri vəzifələrində çalışıb.
2017-ci ildə “PepsiCo”da Qrup xəzinədarlığı və vergi meneceri kimi fəaliyyətə başlayan O.Karakuş 2020-ci ildə “Demirören Holding”in, 2021-ci ilin avqust ayından isə “Azərlotereya”nın komandasına qoşulub.
Prezident İlham Əliyevin “Azərlotereya”nın idarəetməyə verilməsi barədə 16 yanvar 2021-ci ildə tarixli sərəncamına əsasən, şirkətin Türkiyənin dünyada nüfuzlu “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verilməsi ilə bağlı 27 fevral 2021-ci ildə müqavilə imzalanıb.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR