ABŞ-ın Rusiyanın bəzi fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar tətbiq edib.
Oxu24.com TASS-a istinadən xəbər verir ki, növbəti sanksiya siyahısı ABŞ Maliyyə Nazirliyi tərəfindən açıqlanıb.
Yeni sanksiyalar siyahısına Rusiya Federasiyası baş nazirinin müavini Marat Xusnullin, “Yunarmiya” Ümumrusiya hərbi-vətənpərvərlik ictimai hərəkatı, eləcə də “Meqafon” şirkəti daxil edilib. “Metalloinvest” və “Patriot” özəl hərbi şirkətinə qarşı da sanksiyalar tətbiq edilib.
ABŞ-ın “qara siyahısı”na, həmçinin Rusiyanın nüvə sənayesinin bir neçə müəssisəsi, o cümlədən “Start” İstehsalat Birliyi, Kovrov Mexanika Zavodu, “Toçmaş” İstehsalat Birliyi, “NİKİMT-Atomstroy” ASC də düşüb. Sanksiyalar bu şirkətlərin Rusiya Federasiyası hökumətinə məxsus olması və ya onun nəzarəti altında olması, onun adından birbaşa və ya dolayısı ilə fəaliyyət göstərməsi və ya hərəkət etmək niyyətində olması ilə əlaqədar tətbiq edilir.
“Rusatom Overseas” ASC-nin (“Rosatom” dövlət korporasiyasına daxildir – red.) prezidenti Yevgeni Pakermanov da “qara siyahı”ya düşüb.
ABŞ Maliyyə Nazirliyi biznesmen Əlişir Usmanova məxsus əmlakla əməliyyatlara icazə verən ümumi lisenziyanı da ləğv edib.
ABŞ-ın yeni sanksiyaları, həmçinin “Rusatom Overseas” ASC-yə də aiddir. Sanksiya ixraca və sanksiyalara məruz qalan qurum və şəxslərlə digər əməliyyatlara məhdudiyyətləri nəzərdə tutur.
Birləşmiş Ştatlar eyni zamanda əsasən yük daşımaları üçün nəzərdə tutulmuş və Rusiya bayrağı altında üzən 17 gəmiyə qarşı da yeni sanksiyalar tətbiq edib. Gəmilər Dövlət Nəqliyyat Lizinq Şirkəti ilə bağlıdır. Şirkətin baş direktoru Yevgeni Ditrixə qarşı da sanksiyalar tətbiq edilib. Sanksiya siyahısına “Pola Raiz”ə məxsus, Türkiyə bayrağı atında üzən iki yük gəmisi də daxil edilib.
Sanksiya siyahısına rusiyalılar və Rusiya Federasiyasının müəssisələrindən başqa, Macarıstan və Kipr vətəndaşları, həmçinin bu adada yerləşən müəssisələr də daxil edilib. Bundan başqa, siyahıda Avstriya, Macarıstan, Özbəkistan və İsveçrə vətəndaşları da var.
Macarıstanda yerləşən Beynəlxalq İnvestisiya Bankı və onun Moskvadakı törəməsi də məhdudiyyətlərə məruz qalıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR