Pentaqonun internetə sızan və hələ dəqiqləşdirilməmiş sənədlərdən birində Ukraynada bir neçə NATO ölkəsinin xüsusi təyinatlı qüvvələrinin fəaliyyət göstərdiyinə dair məlumatlar var.
Oxu24.com xəbər verir ki, materialları tədqiq edən BBC və The Guardian bildirirlər ki, Böyük Britaniya Ukraynaya 50, Latviya - 17, Fransa - 15, ABŞ - 14, Hollandiya - bir əsgər göndərib.
Bunlar gündəlik hesabatlardır. Sənədlərdən biri fevral, digəri isə martın 23-nə aiddir, hər ikisi “tam məxfi” kimi təsnif edilir. Onlar hərbçilərin dəqiq harada yerləşdiyini, hansı tapşırıqları yerinə yetirdiklərini, həmçinin onlardan neçəsinin hələ də Ukraynada olduğunu demirlər.
The Guardian qeyd edir ki, məlumat NATO xüsusi əməliyyat qüvvələri komandanlığı tərəfindən xüsusi təyinatlıların hərəkətlərinin əlaqələndirilməsini göstərə bilər, lakin onların iştirakının təşkilinin dəqiq parametrləri göstərilmir.
Məlumatı artıq Fransa Müdafiə Nazirliyi təkzib edib. "Ukraynada əməliyyatlarda iştirak edən heç bir Fransa qüvvələri yoxdur" deyə nazir Sebastien Lecornu bildirib.
O, sənədlərin mənbəyinin məlum olmadığını vurğulayıb.
Britaniya hakimiyyət orqanları hələ ki, xüsusi təyinatlılar haqqında məlumatı şərh etməyiblər, lakin aprelin 11-də axşam Krallığın Müdafiə Nazirliyi Twitter-də sızan kəşfiyyat materiallarında “ciddi səviyyədə qeyri-dəqiqlik” olduğunu bildirib və insanlara ehtiyatlı olmağı tövsiyə edib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR