Azərbaycanlılar Türkiyəyə yardım üçün toplama məntəqəsinə axın edirlər.
Trend xəbər verir ki, azərbaycanlılar Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmiş insanlar üçün yardım toplamağa davam edirlər.
Yardımlar Bakıda “Doğtaş” mebel mağazasında toplanır.
Qeyd edək ki, Türkiyənin Bakıdakı səfirliyi və Naxçıvandakı Baş konsulluğu yardım üçün Azərbaycan vətəndaşlarına müraciət edib.
Əşyalar şəxsən və ya karqo yolu ilə Naxçıvandakı Baş konsulluğa çatdırıla bilər. (Ünvan: Naxçıvan şəhəri Heydər Əliyev prospekti 17)
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.
Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb.
Fevralın 7-də isə ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə yola düşüb. Daha sonra isə nvöbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.
ŞƏRHLƏR