Sürücülər sığorta şirkətlərinin heç bir əsas gətirmədən onların avtomobillərini sığortalamaqdan imtina etmələrindən şikayətçidirlər.
Bu barədə bir neçə sürücü müraciətində bildirib.
Onların sözlərinə görə, avtomobillərinin sığorta müddəti artıq başa çatmaq üzrədir. Lakin sığorta şirkətləri onların avtomobillərini sığortalamaqdan imtina edirlər.
Səbəb kimi isə avtomobilin buraxılış ilinin köhnə olması və yaxud da heç bir qanunvericilik əsası olmayan məsələləri göstərirlər. Hətta bəzi şirkətlərin dilində “qadağa maşın” ifadəsi də yaranıb. Belə ki, həmin avtomobillərin sığortalanmasının “qadağan” olunduğunu bildirirlər.
Sığorta müddəti başa çatan avtomobillər isə Dövlət Yol Polisinin radarları tərəfindən cərimələnirlər.
Sözügedən problemlə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Yeniavaz.com-a bildirib ki, bu, tamamilə qanunsuz hərəkətdir:
“İcbari sığortalar haqqında qanunun 25, 26-cı maddələrində sığorta şirkətlərinin insanlara qarşı münasibəti tam olaraq öz əksini tapıb. Onların heç bir hüququ yoxdur ki, belə bir imtina etsinlər. Və qanunvericilikdə olmayan tələbləri irəli sürdüyünə görə də onları məsuliyyətə cəlb etmək mümkündür. Bunun üçün vətəndaş sadəcə olaraq Maliyyə Nazirliyinə və ya Mərkəzi Banka müraciət etməlidir. Çox təəssüflər olsun ki, vətəndaşlar fərdi qaydada bu işləri orda-burda qabardırlar, danışırlar, amma qanuni addım nədirsə, onu atmaq lazım gəlirsə, bu zaman çəkinirlər, heç bir addım atmırlar.
Vətəndaşın belə problemlərlə rastlaşdığını Mərkəzi Bank, Maliyyə Nazirliyinin rəhbərliyi çox yaxşı bilir. Bəlkə də, həmin strukturlarda kimlərsə bu işlərdə sığorta şirkətlərinə dəstək göstərirlər. Bu özbaşınalığa son qoyulmalıdır. Necə olur, sığorta şirkətlərinin xeyrinə qərarlar qəbul olunanda hamısı əl-ələ verib birlik nümayiş etdirirlər. Amma sığorta şirkətlərinin özbaşınalığından xəbərdar ola-ola özlərini xəbərsizmiş kimi aparırlar. Konkret qərar çıxarıb, hər birini tapşırıq şəklində göndərsələr ki, siz belə özbaşınalıq etməməlisiniz, etməyə görə filan cəzalar nəzərdə tutulub, o zaman bu işlərdən əl çəkmiş olarlar. Amma, görünür, Maliyyə Nazirliyi və Mərkəzi Bank nədənsə maraq göstərmir, neqativ hallara göz yumur”.
Mərkəzi Bankdan vətəndaşların şikayəti ilə bağlı sorğumuza cavab olaraq bildirilib ki, Mülki Məcəllənin 907.2-ci və “İcbari sığortalar haqqında” Qanunun 23.3-cü maddələrinə əsasən icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz:
“Odur ki, istənilən avtomobilin, o cümlədən mühərrikin həcmi 2001 kub santimetrdən aşağı olan avtomobillərin sığortalanmasından imtina oluna bilməz. Belə faktlar aşkarlanarsa, Mərkəzi Bankın qaynar xəttinə (966) dərhal müraciət oluna bilər. Həmçinin qeyd edək ki, müvafiq faktların aşkarlandığı halda Mərkəzi Bank tərəfindən hüquq pozuntusuna yol verən sığortaçılara qarşı qanunvericliyə uyğun olaraq nəzarət tədbirləri tətbiq olunacaqdır”.
Məsələyə münasibət öyrənmək üçün İcbari Sığorta Bürosu və Azərbaycan Dövlət Sığorta Şirkəti (“Azərsığorta”) ilə saxladıq. Hər iki qurumdan bildirildi ki, məsələ ilə bağlı əlaqə saxlanılıb məlumat veriləcək. Lakin daha sonra hər iki qurumdan heç bir məlumat verilmədi.
Oxu24.com
ŞƏRHLƏR