Azərbaycan Tibb Universitetində (ATU) təhsil alan III, IV, V və VI kurs tələbələrinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi cəlb olunacaq.
Bu barədə Oxu24.com-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, TƏBİB və Azərbaycan Tibb Universiteti (ATU) arasında birgə əməkdaşlığa başlanılıb. Əməkdaşlıq çərçivəsində ölkədə kadr hazırlığı prosesinə dəstək, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması və tələbələrin iş mühiti ilə tanışlığına şərait yaratmaq kimi məsələlər nəzərdə tutulub.
Bununla bağlı "Yeni klinika” tibb müəssisəsində ATU-da təhsil alan III, IV, V və VI kurs tələbələrinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi cəlb olunmaları ilə bağlı görüş keçirilib.
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov qurumun fəaliyyəti ilə bağlı iştirakçılara geniş məlumat verib və müəyyən olunan hədəflərdən, görüləcək işlərdən danışıb.
O bildirib ki, cari ilin ötən müddəti ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə 12 min 440 işçi işə qəbul olunub: “Tibb müəssisələrində çalışan işçilərin sayı 97 min 215 nəfərdir. Onların 16 min 381 nəfəri həkim, 38 min 949 nəfəri orta tibb işçisi, 22 min 608 nəfəri kiçik tibb işçisidir”.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR