2013-cü il təvəllüdlü Tunar Kamranlının Vüsal Hüseynov tərəfindən döyülməsi ilə bağlı müraciət üzrə Yevlax rayon prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, aparılmış araşdırma zamanı hadisə yerinə baxış keçirilib, video-müşahidə kameralarından görüntülər əldə edilib, Tunar Kamranlı və digər şəxslərin izahatları alınıb, məhkəmə tibbi ekspertizası təyin edilərək rəyi əldə olunub.
Baş Prokurorluğun təqdimatı əsasında Daxili İşlər nazirinin müvafiq əmri ilə Vüsal Hüseynov tutduğu vəzifədən azad edilib, həmçinin, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsinə əsasən inzibati icraat açılaraq toplanmış materialar baxılması üçün aidiyyəti üzrə Yevlax rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, bu ilin sentyabr ayında Yevlax rayonunda yaşayan şəxs rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib. Rayon sakini olan qarşı tərəf də polisə azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət ünvanlayıb. Müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub.
Baş Prokurorluğun mətbuat xidməti Yevlax şəhəri S. Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdinin Yevlax rayon Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynovun xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin etməsi faktı ilə bağlı Yevlax rayon Prokurorluğunda araşdırma başlanması barədə məlumat yaymışdı.
Oxu24.com
ŞƏRHLƏR