Oxu24.com vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu zaminliklə bağlıdır.
Tanış adama bankda zamin durmusunuz?
Bəs bilirsinizmi zamin olduğunuz şəxs borcunu ödəmədiyi təqdirdə sizi nə gözləyir?
Zaminlik öhdəliyin icrasının təmin edilməsinin bir üsuludur. Yəni, zamin bank (kreditor) qarşısında öz üzərinə öhdəlik götürür ki, zamin durduğu şəxs kredit borcunu ödəmədiyi halda onunla bərabər öz əmlakı ilə məsuliyyət daşıyır.
Tutalım ki, siz tanıdığınız bir şəxsə bankda zamin durdunuz (adətən bankda xırda şriftlərlə yazılmış hazır müqavilə formaları olur ki hansını oxumağa vətəndaşın səbri çatmır). Bir müddət sonra, həmin şəxs kredit öhdəliyini icra etməkdən boyun qaçırdır.
Bu halda nə baş verəcək?
İlkin olaraq, bankın əməkdaşları kredit götürən şəxslə yanaşı, sizə də zəng edib borcun ödənilməsini tələb edəcək.
Bundan sonra, kredit götürən şəxs və ya onun yerinə siz müqavilə üzrə məbləği ödəməməyə davam etdikdə bank borcun hər ikinizdən tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edəcək.
Bağladığınız zaminlik müqaviləsinin növündən asılı olaraq məhkəmə öz qərarında yaranmış borcun sizdən hansı qaydada tutulmasını müəyyən edəcək.
Misal olaraq, zamin durduğunuz şəxsin borcu 10 000 manatdır.
Bu halda əgər bağladığınız zaminlik müqaviləsi üzrə subsidiar məsuliyyətnəzərdə tutulubsa, məhkəmə tərəfindən sizin üzərinizə yaranmış borcun yarısını, yəni 5 000 manatı ödəmək öhdəliyi qoyulacaq.
Yox, əgər siz zaminlik müqaviləsinə əsasən müştərək qaydada məsuliyyət daşıyırsınızsa, onda zamin durduğunuz şəxslə yanaşı, sizdən də 10 000 manatın hamısı tələb ediləcək.
Müqavilə üzrə banka olan borcun sizdən tutulması haqqında məhkəmə qərarı çıxdıqdan sonra belə zamin durduğunuz şəxs və ya siz yaranmış borcu yenidən ödəməsəniz, məhkəmə həmin pulun sizdən tutulmasını icra orqanına tapşıracaq (Ədliyyə Nazirliyinin tərkibində olan yerli icra qurumlarına).
Yekunda borcun sizdən tutulması haqqında məhkəmədən müvafiq tapşırıq (icra sənədini) alan icra məmuru qeyd olunan borcun sizdən alınması üçün sizin əmlakınıza (ev, avtomobil, qızıl və s.) həbs qoydura, hər-hansı bir bankda olan pul vasitələrinizi müsadirə edə və (və ya) borcu sizin əmək haqqınızdan tuta bilər (“İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, tutmaların məbləği əmək haqqının 50 faizinə qədər ola bilər)..
Zaminin yerinə ödədiyiniz pulu necə geri tələb edə bilərsiniz?
Bunun üçün mülki hüquq reqres iddia anlayışını formalaşdırmışdlr.
Reqres iddia öz vəsaiti hesabına başqasının borcunu ödəmiş və ya başqasının əvəzindən zərər ödəmiş şəxs tərəfindən ödədiyi vəsaitin geri tələb edilməsidir. Yəni, şəxsin öz əmlak vəziyyətini bərpa etmək hüququdur.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR