Firon Tutankhamunun məzarı yaxınlığında arxeoloqlar naməlum kraliçanın məzarı və yüzlərlə mumiya tapıblar.
Oxu24.com xəbər verir ki, bu barədə Live Science yazır.
Son bir neçə ildir ki, arxeoloqlar Qahirədən təxminən 32 kilometr cənubda, Giza yaxınlığındakı Saqqarada qazıntı aparırlar. Onlar bu yaxınlarda Firon Tutanxamenin (e.ə. 1333-1323) ən yaxın generallarına və məsləhətçilərinə aid ola biləcək tabutlar və mumiyalardan ibarət xəzinəni aşkar ediblər.
Bu ərazinin yaxınlığında arxeoloqlar Misirin Altıncı Sülaləsinin ilk kralı Teteyə məxsus piramidanı da araşdırdılar. Onlar "Yeni Krallıq dövrünə aid 300 incə tabut" ilə birlikdə "nəhəng əhəng daşından ibarət sarkofaq" tapdılar. Aşkar edilmiş mumiyalar uzun əsrlər keçsə də, yaxşı vəziyyətdə saxlanılıb. Mütəxəssislərin fikrincə, bu o deməkdir ki, o zaman mumiyalama artıq yüksək səviyyədə idi.
Bundan əlavə, tədqiqatçılar şəxsiyyəti məlum olmayan kraliçanın şərəfinə piramida tapıblar.
"Onun heyrətamiz sarkofaqında tamamilə xalis qızıldan hazırlanmış qadın maskası var. Biz onun adının Neyt olduğunu və onun əvvəllər tarixi qeydlərdə heç vaxt tanınmadığını kəşf etdik", - Misirşünas Zahi Hawass deyib.
Qazıntıdan əldə edilən bir sıra sarkofaqlar və artefaktlar gələn il açıla biləcək Gizadakı Böyük Misir Muzeyində nümayiş etdiriləcək.
Tərcümə: Aynurə Kazımova
Oxu24.com
ŞƏRHLƏR