Sosial şəbəkələrdə Rey Haşpappi kimi tanınan nigeriyalı bloger Ramon Abbas çirkli pulların yuyulmasına görə 11 il müddətinə azadlıqdan məhrum edilib.
OXU24.COM bildirir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında məlumat verilib.
40 yaşlı fırıldaqçı mütəmadi olaraq öz dəbdəbəli həyat tərzini nümayiş etdirərək şəxsi təyyarələrin və superkarların qarşısında dizayner paltarı geyinmiş fotolarını dərc edib. Onun İnstaqram hesabına iki milyondan çox insan abunə olub.
Prokurorların fikrincə, Abbas və onun şəriki, 37 yaşlı kanadalı Galeb Alomari bankların korporativ elektron poçt hesablarını sındıraraq kiber quldurluq ediblər. Çoxsaylı cinayət əməlləri zamanı dələduzlar özlərini maliyyə təşkilatlarının işçisi kimi təqdim edərək müştəriləri öz hesablarına pul köçürməyə razı salıblar.
Xüsusilə, 2019-cu ildə blogger Şimali Koreyalı hakerlərə Rumıniya və Bolqarıstandakı banklar vasitəsilə Maltadakı bir banka məxsus təxminən 14,7 milyon dollar pul çıxarmağa kömək edib. Bundan əlavə, o, İngiltərədəki peşəkar futbol klubundan oğurlanmış milyonlarla funt-sterlinqin yuyulmasında iştirak edib, Nyu-York hüquq firmasını ona az qala 923.000 dollar köçürməyə razı salıb, həmçinin məktəbin tikintisi üçün 15 milyon dollar alan Qətərlini aldadıb.
Abbas 135 ay həbs cəzasına məhkum edilib. Bundan əlavə, o, hüquq firmasına 900 min dollardan və Qətərdəki qurbana 810 min dollardan çox təzminat ödəməlidir.
Oxu24.com
ŞƏRHLƏR