Tanınmış prodüser Təranə Səmədova polisə müqavimət göstərdiyinə görə cərimələnib.
OXU24.com “Report”a istinadən xəbər verir ki, bu haqda qərar Abşeron Rayon Məhkəməsində elan olunub.
Qərara əsasən, T.Səmədova 200 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, prodüser Abşeron rayon ərazisində şəxsi münasibətlər zəminində tanışı ilə mübahisə edib. Daha sonra onun barəsində Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə şikayət daxil olub. Polis əməkdaşları tərəfindən o, bölməyə dəvət edilib. Lakin T.Səmədova polisə müqavimət göstərib.
T.Səmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilib və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
Xatırladaq ki, T.Səmədova 2019-cu ildə Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub. Ali Məhkəmənin qərarı ilə T.Səmədova azadlığa buraxılıb.
Oxu24.com
ŞƏRHLƏR