Bakının Nizami rayonunda 1982-ci il təvəllüdlü Namil keçmiş arvadı ilə yaxın münasibətdə olan Səxavəti (adlar şərti verilib – red.) döyüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 17 iyun 2021-ci ildə, saat 08:00 radələrində rayonun E.Süleymanov küçəsində baş verib.
Həmin vaxt Namil keçmiş arvadı Səmayənin kirayə yaşadığı mənzildən Səxavətin çıxmasını görüb. O, Səxavətin Səmayə ilə qeyri-rəsmi münasibətdə olmasını bilib.
Namil orada qısqanclıq zəminində Səxavətlə mübahisə etməyə başlayıb. Namil aralarında yaranmış mübahisə zamanı qəsdən Səxavətin baş və üz nahiyəsinə bir neçə dəfə yumruqla vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Namilin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Namilin barəsində olan cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Namil Səxavətlə barışıb. Bu səbəbdən Səxavət məhkəməyə teleqrama göndərib və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını qeyd edib.
Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb.
Bu səbəbdən Namilin barəsində olan cinayət təqibinə xitam verib və o, cinayət məsuliyyətindən azad edilib.
Oxu24.com
ŞƏRHLƏR