Donvurma uzun müddət hədsiz soyuqda qaldıqda baş verir və bu zaman orqanizm bədən temperaturunu tənzimləyə bilmir. Zərərçəkənə vaxtında müdaxilə isə olduqca vacibdir, əks təqdirdə nəticə acınacaqlı ola bilər.
Donvurma aşağı temperaturun dəri və dərialtı toxumalara təsiri nəticəndə baş verir və bu zaman orqanizmdə qan dövranı pozulur, donan nahiyədə keyləşmə, dəridə şişkinlik, qızartı və barmaqlarda uyuşma müşahidə olunur. Kəskin hava şəraiti ilə yanaşı uzun müddət nəm paltar və ayaqqabıda qalmaq, fiziki hərəkətsizlik donvurmaya səbəb olan amillərdəndir.
Milli.Az xəbər verir ki, həkim-terapevt Nahid Məhərrəmov bununla əlaqədar deyib: "Don vurmamışdan əvvəl əl, üz, qulaq və alının üşüməsi zamanı onları ovxalamaq və ya ovuşdurmaq lazımdır ki, qan dövranı yaxşılaşsın və toxuma zədələnməsin. Donvurma zamanı zədələnmiş nahiyədə hissiyyatın itməsi, dərinin həssaslığının kəskin azalması, zədələnmiş nahiyənin quruması, keyləşməsi, donmuş sahənin bərk və ya yumşaq olması, şişkinlik, isinəndən sonra suluqların əmələ gəlməsi, dəri rənginin dəyişməsi, barmaqlarda gizildəmə, qızdırılma zamanı don vuran yerin ağrı verməsi, yanğı hissi və s. əlamətlər yaranır. Tibbi yardımın əsas prinsipi zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan qorumaqdır. Hansı nahiyəni don vurursa, orda artıq hissiyyat itir və toxuma zədələnir. Hətta bu zaman insan həyatını itirə də bilər".
Əl və ayaqlar donvurmaya daha tez məruz qalır, həmçinin donvurma səthi və dərin olur. Həkim-terapevtin dediyinə görə, ilkin olaraq zərərçəkəni isti yerə aparmaq və donvuran nahiyəni suya salmaq lazımdır: "Don vuranı isti mühitə çəkmək və onun zərər çəkən nahiyələrini 20 dərəcə temperaturda suya salmaq məsləhətdir. Həmin temperaturda olan suyu yarım saatdan sonra yavaş-yavaş isidə-isidə don vuranın üzərinə tökmək olar. Çalışmaq lazımdır ki, həmin suyun hərarəti 40-41 dərəcədən yüksək olmasın. Bəzən don vurana isti içki, spirt, spirtli içki vermək istəyirlər, lakin bu, yolverilməzdir. Çünki huş aydın olmalıdır ki, suyu qəbul etmək və udmaq mümkün olsun".
Bunlarla yanaşı don vuran nahiyəyə həkim məsləhəti olmadan toxunmaq, yaxud masaj etmək olmaz: "Təəssüf ki, bəzən don vuran nahiyəni masaj etməyə cəhd göstərir, yaranan qabarcıq və suluqları partlatmaq istəyirlər. Bunu qətiyyən etmək olmaz. Don vuran orqanizmdə əmələ gələn suluq, şişkinlik və nahamar nahiyəyə 20-21 dərəcə istiliyi olan hər hansı bir tənzif və ya yaylıq parçası qoymaq lazımdır", - deyə N. Məhərrəmov bildirib.
Donvurma zamanı toxumalar dərhal zədələnmir, əvvəlcə soyuğun təsirindən həssaslığını və rəngini itirməyə başlayır. Ona görə də ilkin müdaxilənin vaxtında və düzgün aparılması çox vacibdir.
Oxu24.com
ŞƏRHLƏR