Brokoli hələ qədim Roma imperiyasında insanların qida rasionuna daxil idi. Bu tərəvəzdən müxtəlif yeməklər hazırlanırdı. İtaliyalıların qiymətli tərəvəz kimi istifadə etdiyi brokolli İngiltərə mətbəxinə 18-ci əsrin ortalarından daxil olub. Beləcə, ingilislərin "İtalyan quşqanı" adlandırdığı tərəvəz Avropada da yayılmağa başlayıb.
Oxu24.com bildirir ki, AZƏRTAC-ın əməkdaşları Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu publik hüquqi şəxsin əkin sahələrində becərilən brokoli sahəsində olub.
İnstitutun direktor müavini Hikmət Nəsibov bu tərəvəz haqqında məlumat verərək deyib: "Brokoli kələmçiçəyikimilər fəsiləsinə aid olan birillik bitkidir. Elmi-Tədqiqat İnstitutunda mütəxəssislər və alimlər seleksiya məqsədi ilə bu tərəvəzin bir neçə növünü yetişdiriblər. Yeni növlər tədqiqat işlərindən sonra gələcəkdə həm yerli, həm də xarici bazara ixrac edilə bilər".
Brokoli insan sağlamlığı üçün çox faydalıdır. 100 qram bitkinin tərkibində təxminən 34 kalori var. Bu da onun kifayət qədər rahat həzm olunan tərəvəz olduğunu göstərir. Hətta diyetoloqlar brokolini bu xüsusiyyətinə görə arıqlamaq istəyən insanların menyularına əlavə edirlər. Brokolini istifadə edərkən onu suda bişirmək, daha sonra az qızardaraq tərkibindəki vitaminləri öldürməmək lazımdır.
Hikmət Nəsibov bu möcüzəli tərəvəzin tərkibindəki vitaminlərdən danışarkən bildirib ki, onun tərkibi qida lifləri, kalium, fosfor, kalsium, maqnezium, dəmir, sink, manqan, kükürd, C, B1, B2, B5, B6, PP, E, K vitaminləri və A pro-vitamini ilə zəngindir. Hətta brokolidən doğru istifadə olunarsa, bədənin iki günlük C vitamini ehtiyacı ödənilə bilər.
Bundan əlavə, brokolinin tərkibindəki faydalı maddələri qəbul etmək üçün onu çiy halda da yeyə bilərsiniz.
Oxu24.com
ŞƏRHLƏR