“Avropa İttifaqı (Aİ) və maraqlı tərəfdaşlar Azərbaycanla yeni hərtərəfli razılaşma üzrə danışıqlarda proqresi alqışlayırlar”.
Bu barədə Avropa İttifaqının hazırladığı bəyanatda bildirilir.
Xatırladaq ki, bu gün - dekabrın 15-də Brüsseldə Aİ təmsilçiləri ilə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna liderlərinin sammiti keçirilir. Sammitin yekununda qəbul olunacaq birgə bəyanatın mətni artıq mediaya sızdırılıb.Tərəflər strateji, ambisiyalı və gələcəyə yönəlik Şərq Tərəfdaşlığına güclü sadiqliyi bir daha qeyd edirlər. Onlar bu tərəfdaşlığın ümumi fundamental dəyərlərə, qarşılıqlı maraqlara, məsuliyyətə, inklüzivliyə, qarşılıqlı hesabatlılığa əsaslandığını qeyd edirlər.
Bəyanatı imzalayan tərəflər cəmiyyətlərində demokratiya və hüququn aliliyinin daha da gücləndirilməsi qətiyyətini ifadə edirlər. Buraya insan haqları və fundamental azadlıqların qorunması daxildir.
Bəyanatda tənzimlənməmiş münaqişələrə ümumi istinad edilərək qeyd olunur ki, “Avropa İttifaqı tənzimlənməmiş münaqişələrin dinc yolla həllini, etimadın gücləndirilməsini, sülhə yönəlik cəhdləri dəstəkləyəcək, münaqişələrdən ziyan görmüş əhaliyə yardım göstərəcək”.
Şərq Tərəfdaşlığı sammitində proqramın altı üzvündən beşi iştirak edir. Aİ Belarusun Şərq Tərəfdaşlığında iştirakını dayandırmaq qərarından məyusluğunu bildirir.
Bəyanatda deyilir ki, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə COVID-19 rəqəmsal sertifikatların qarşılıqlı tanınması alqışlanır. Eyni addım tezliklə Azərbaycanla bağlı da atılacaq. Bu isə Aİ-yə təhlükəsiz və rahat səyahət deməkdir.
Xatırladaq ki, altı ölkədən üçüylə Aİ assosiasiya sazişləri imzalayıb. Bu həmin ölkələrin vətəndaşlarına Aİ ərazisinə vizasız giriş imkanı verir. Bu ölkələr Ukrayna, Gürcüstan və Moldovadır. Ermənistanla imzalanmış Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Razılaşması bu ilin martından qüvvəyə minib. Azərbaycanla danışıqlar davam edir. Müstəqil mənbələr danışıqlarda dalana dirənən əsas məsələnin Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı olduğunu bildirirlər.
Oxu24.com
ŞƏRHLƏR