Natiq Cəfərli: “İlin sonuna kimi biznesimizdə xarici valyutaya tələbat ənənəvi olaraq artır”
img
Azərbaycan əhalisinin nağd ABŞ dollarına və avroya tələbi daha çox yüksəlib. Belə ki, 2021-ci ilin oktyabr ayı ərzində banklar tərəfindən 159.26 milyon ABŞ dolları əhaliyə satılıb. Bu da öncəki ayla müqayisədə 63.86 milyon dollar, yaxud 66.9% artım dinamikasıdır. Oktyabrda əhalinin qeydə alınmış dollar tələbi 2021-ci ilin fevralından bu tərəfə qeydə alınmış ən yüksək göstəricidir.
Onu da qeyd edək ki, son zamanlar qonşu ölkələrdə dolların məzənnəsi yüksəlməkdə davam edir. Belə ki, Türkiyə lirəsi noyabr ayında dollara nisbətən 9.5-dən 12.5-dək geriləyib. Demək olar ki, lirə son ayda 22 faiz dəyərsizləşib.
Rusiyada da ABŞ valyutasında yüksəlmə müşahidə olunur. 1 ayda Rusiya rublu ABŞ puluna nisbətən 6 faizə yaxın ucuzlaşıb.
Maraqlıdır, qonşu ölkələrdə dolların məzənnəsinin yüksəlməsi manata necə təsir edəcək?
“Neft qiymətlərinin yüksək olması səbəbindən manatın məzənnəsinə ciddi təhlükə yoxdur”
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu ilin sentyabr və oktyabr aylarında valyutaya tələbat cüzi olduğu halda, noyabr ayı faiz artımı ilə yadda qalıb. “Bunu valyuta hərracları da göstərir. Payızın əvvəlinə və ya ortalarına qədər dollar satışı, demək olar ki, iki dəfə artıb. Belə ki, ilk payız aylarında tələbat 60 milyonu ötmürdüsə, noyabrın sonunda artıq yüz milyona yaxın olub. Buna səbəb olan faktorlardan biri də Türkiyədə baş verən hadisələrdir. Ancaq nəzərə almaq lazımdır ki, neft qiymətlərinin yüksək olması səbəbindən manatın məzənnəsinə ciddi təhlükə yoxdur”.
Ekspertin sözlərinə görə, Yeni il bayramına qədər valyutaya tələbat daha da artacaq: “Bunu ödəmək üçün satışı artırmalıyıq. Axı bayrama qədər ərzaq və mal idxalı artır - insanlar hazırlaşır, bayram süfrələri açılır. Ona görə də həm xaricdən idxal olunan məhsulların həcmi, həm də xaricdən mal alınan dollar miqdarı artır. Müvafiq olaraq, ilin sonuna kimi biznesimizdə xarici valyutaya tələbat ənənəvi olaraq artır”.
Oxu24.com
ŞƏRHLƏR