“Biz cari ildə Azərbaycan “Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində maliyyə hesabatlarının auditini aparmışıq”.
Bunu APA-ya açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
O, deyib ki, audit nəticəsində bəzi maliyyə pozuntuları aşkarlanıb:
“Bununla bağlı məsələ Hesablama Palatası Kollegiyasında müzakirə olunub, müvafiq Kollegiya qərarı qəbul edilib. Kollegiya qərarında AzTV rəhbərliyinə bəzi tədbirlərin həyata keçirilməsi tövsiyə olunub, bəziləri haqqında ciddi qərar qəbul olunub. Bunlar, əsasən, televiziyanın inkişafı ilə bağlı institusional məsələlərin həllidir. Maliyyə hesabatlarında bəzi gəlir və xərclərin təhrif olunması nəzərə alınaraq, o hesabatlara yenidən baxılması tövsiyə olunub. Televiziya işçilərinin əməkhaqqı və qonorar sistemi ilə bağlı yol verilmiş bəzi pozuntuların dövlət büdcəsinə bərpası, ümumiyyətlə, əməkhaqqı və qonorar sistemini tənzimləyən yeni sənədin hazırlanmasını tövsiyə etmişik. Bununla yanaşı, QSC-nin gəlirlərinin, xüsusən reklamdan əldə olunan gəlirlərin şəffaflaşması ilə bağlı tədbirlərin görülməsini də Kollegiya qərarında qeyd etmişik. Müvafiq vaxt verilib, bizdə olan məlumata görə, televiziya rəhbərliyi bu sahədə tədbir görülməsinə başlayıb”, - deyə Vüqar Gülməmmədov qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR