Sentyabrın 20-də “Üç qardaş - 2021” beynəlxalq təlimi çərçivəsində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.
Müdafiə Nazirliyindən Oxu24/com-a verilən məlumata görə, tədbirdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələr Komandanı general-leytenant Ömer Ertuğrul Erbakan, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik və Antiterror İdarəsinin rəisi general-mayor Mümtaz Hüseyn, Qazaxıstandan olan yüksək səviyyəli qonaqlar və bu dövlətlərin ölkəmizdəki hərbi attaşeləri iştirak ediblər.
Təlimdə planlaşdırılan fəaliyyətlər barədə qonaqlara məlumat verilib və onun gedişi barədə məruzə olunub.
Sonra xüsusi təyinatlı bölmələr müxtəlif təlim nöqtələrində plana uyğun verilən tapşırıqları icra ediblər. Bölmələr cavabdehlik sahəsində axtarış tədbirləri, aşkarlanan obyektlərin nəzarətə götürülməsi, şərti düşmənin idarəetmə məntəqələrinin məhv edilməsini yüksək peşəkarlıqla yerinə yetiriblər. Artilleriya və aviasiya atəşlərinin idarə olunması məqsədilə koordinatların verilməsi, həmçinin aviasiya vasitələrinin dəstəyi ilə digər tapşırıqlar da icra olunub.
Yekunda general-polkovnik Z.Həsənov çıxış edərək təlimin uğurla başa çatması münasibətilə tədbir iştirakçılarını təbrik edib, üç qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq və bacarıq nümayiş etdirdiyini vurğulayıb.
Müdafiə naziri bildirib: “Təlim göstərdi ki, müasir texnologiyalardan, yeni döyüş taktikasından istifadə edən xüsusi təyinatlılarımızın bacarığı daha da artıb və peşəkarlıq səviyyəsi xeyli yüksəlib. Təlimlər qoşunlarımızın imkan və qabiliyyətlərinin inkişaf etdirilməsinə böyük töhfə verdi. Bu təlim Silahlı Qüvvələrimizin qarşısında duran istənilən vəzifəni birgə icra etməyə hazır və qadir olduğunu bir daha nümayiş etdirdi”.
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın qələbəsi ilə başa çatan Vətən müharibəsi zamanı göstərilən mənəvi dəstəyə görə Türkiyə Respublikasına və Pakistan İslam Respublikasına minnətdarlığını bildirən Müdafiə naziri gələcəkdə də bu cür təlimlərin keçiriləcəyini qeyd edib.
Təlimin şüarının "Yaşasın, Azərbaycan-Pakistan-Türkiyə qardaşlığı!" olduğu diqqətə çatdırılıb.
Sonda təlim iştirakçılarına hədiyyələr təqdim olunub.
Oxu24.com
ŞƏRHLƏR