Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb.
AZXEBER.COM "ölkə.az”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovun zarafatı olub.
Cinayəti törətməkdə şübhəli bilinən İ.Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb.
İstintaqla müəyyən olunub ki, İ.Sadıqov sevdiyi Günel Əsgərovadan "yox" cavabı alıb. G.Əsgərovanın ailəsi də bu evliliyə razı olmayıb.
G.Əsgərova yaşadığı rayondan Bakıya, xalasıgilə gəlib. İ.Sadıqov G.Əsgərovanın xalasıgilə zəng edərək onunla danışmaq istəyib.
Telefona isə qızın xalası oğlu İ.Hüseynov cavab verib. O, İ.Sadıqova xalası qızı ilə danışmağa icazə verməyib. Bu zaman İ.Sadıqov daha əvvəl tanıdığı İ.Hüseynovla zarafat edərək "Güneli anası ilə birlikdə qaçıracağam" deyib.
İ.Sadıqovun bu zarafatı İ.Hüseynovun xoşuna gəlməyib və ona xəbərdarlıq edib. Bu zaman hər iki şəxs telefonda mübahisə etməyə başlayıb.
Daha sonra onlar görüşüb, mübahisəyə son qoymaq qərarına gəliblər. Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki görüşə İ.Sadıqov tək, İ.Hüseynov isə qardaşı ilə gəlib.
İ.Sadıqov təkbətək söhbət etmək adı ilə İ.Hüseynovu qardaşının yanından ayırıb. Söhbət əsnasında hər iki şəxs yenə də mübahisə ediblər.
Bu zaman İ.Sadıqov üzərində gətirdiyi bıçaqla İ.Hüseynova çoxsaylı zərbələr endirib. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Məhməkə prosesi zamanı İbrahim Sadıqov ittiham üzrə özünü qismən təqsirli bilib.
Sonda məhkəmənin hökmü ilə İbrahim Sadıqov 18 il müddətinə azadlıqdan məhrum olunub.
Oxu24.com
ŞƏRHLƏR