Ramazan ayında insan gün ərzində yemək və içməkdən uzaq qalır. Bəziləri öz-özünə düşünür ki, axı oruc tutmağın nə faydası vardır?
Mənəvi nöqteyi-nəzərdən oruc tutmaq ilk növbədə insana aclığın əziyyətini daddırır, imtahana çəkir. Aclıqla müçayiət olunan bu ibadətin böyük faydaları vardır ki, onlarla tanış olaq.
1. Nəfslə mübarizə aparmaq. İmam Əli (ə) buyurur ki, aclıq çəkmək - nəfsin cilovlanmasına yaxşı yardımçıdır və onun adətini sındırandır.
2. Qəlbin səfalı olması. OXU24.COM deyerler.org-a istinadən bildirir ki, toxluq insan beynində çoxlu buxarın yaranmasına gətirib çıxardar. Beyin tox halda məstlik halına düşər. Ona görə də yaxşı düşünə bilmir. İnsanın qəlbi çox vaxt kor ola bilir. Halbuki, aclıq qəlbin səfalı və riqqətli olmasına səbəb olar. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim mədəsini ac saxlayar - onun düşüncəsi tərbiyə olunar".
3. Təvazökarlıq. Nəfsin üsyan etməməsi üçün insan özünü xar görməlidir. Aclıq ona bu sahədə yardım edər. O nəfs ki, xar olar - Allah qarşısında təvazökar olar. Üsyandan əl çəkər.
4. Ehsan. O kəs ki, aclığı dadar - yoxsulların halını daha yaxşı başa düşər. Ona görə də hamıdan daha çox ehsan edər.
5. Cismin sağlam olması. Aclığın insan mədəsinə və bədəninə xeyri çoxdur. İnsanın həzm sistemi də istirahətə ehtiyac duyur. Aclıq ona bu istirahəti verir. (Beytutə)
Beləliklə, deyə bilərik ki, əgər orucun faydalarını bilsək, onun nə üçün vacib olmasını da başa düşər və dərk edərik.
Allah bizim Xaliqimizdir və bizlərə nəyin xeyirli və nəyin ziyanlı olmasını hamıdan daha yaxşı bilir. Ona görə də Ramazan ayını - oruc ayı qərar vermişdir ki, həm İlahi süfrədən bəhrələnək, həm də cismimiz, ruhumuz sağlam qalsın.
Oxu24.com
ŞƏRHLƏR