Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun işində qalmaqallı məqamlar ortaya çıxıb. Cinayət işinin motivində daha bir tanınmış sənətçinin həyat yoldaşının adı çəkilib. Məlum olub ki, Alimpaşa Məmmədov icra başçısı olduğu rayonda baş plana uyğun olmayan qanunsuz tikililəri, yaşayış binalarını "Park Kolizey" MTK adlı tikinti şirkətinə tapşırıb.
İcra başçısının iş birliyi olduğu şirkət rəhbəri Famil Xəlilov (Veyis Xəlilov) isə tanınmış sənətçi Şəbnəm Tovuzlunun həyat yoldaşıdır.
Belə ki, Alimpaşa Məmmədov rayondakı bütün işləri bu tikinti şirkətinə tapşırırmış. Famil Xəlilov Şəmkir şəhərində "20 yanvar" abidəsinin ətrafında salınmış parkın ərazisini, torpaq sahəsini almaq üçün Alimpaşa Məmmədova 1 milyon 300 min manat da pul verib.
Hansı ki, ilkin dindirilmə zamanı özü bunu etiraf edib. Bir sözlə cinayət əməlində və rüşvət qalmaqalında tanınmış sənətçi Şəbnəm Tovuzlunun həyat yoldaşının da adı hallanır.
Oxu24.com xəbər verir ki, "bizim.media"ya özünü Şəbnəm Tovuzlunun köməkçisi kimi təqdim edən xanım məsələni eşidər-eşitməz əsəbləşdi:
"Şəbnəm Tovuzlunun Famil Xəlilov adda həyat yoldaşı yoxdur, ümumiyyətlə bu şəxslə yaxından-uzaqdan heç bir əlaqəsi də mövcud deyil"
Köməkçi xanım məsələdə sənətçinin adının hallanmasından narahatlığını ifadə edərək bildirdi ki, Şəbnəm xanım hazırda Moskvadadır, Bakıda deyil:
"Şəbnəm xanımın həyat yoldaşının nə Şəmkirlə əlaqəsi var, nə də icra başçısı ilə. Onun həyat yoldaşı tamamilə başqa bir insandır. Niyə siz bu şeylərə qarışırsız? Şəbnəm xanım Famil Xəlilovu tanımır.
Mətbuat niyə bu adamı Şəbnəm xanımın həyat yoldaşı kimi təqdim edir? Böyük yalandır! Camaatın ailəsi və övladları var. Biz tanımırıq o adamı...
Şəbnəm xanımın həyat yoldaşının adı Rafikdir. Şər-böhtan atıb, onu bu qədər insanın gözündən salmaq nəyə lazımdır? Məqsəd nədir? Bilmək istəyirsizsə, Familin həyat yoldaşının adı Elviradır. İki oğlu, bir qızı var. Saxladığı xanım isə Vəfa Şərifovadır".
Oxu24.com
ŞƏRHLƏR