Suriyada xalqın etiraz aksiyaları ilə başlayan vətəndaş müharibəsinin 10-cu ili tamam olur. 22-23 milyon əhalisi olan ölkənin 6 milyon 702 min vətəndaşının qaçqın vəziyyətinə düşməsinə, yüz minlərlə insanın ölümünə, milyonlarla mülki suriyalının hazırda humanitar yardıma möhtac duruma düşməsinə səbəb olan müharibənin əslində hansı səbəblərdən başlaması və hansı güclərin marağına uyğun olması, 10 il ərzində gedən proseslər, həmçinin Suriyanı necə bir gələcəyin gözlədiyi ilə bağlı Publika.az-ın suallarını Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Vüqar Zifəroğlu cavablandırıb.
- Vüqar müəllim, Suriyada vətəndaş müharibəsinin başlama səbəbləri 10 ildir ki, təhlil olunur. Siz necə düşünürsünüz, vətəndaş müharibəsi adlandırılan, hələ də uzanan bu proseslər niyə və hansı güclərin təsiri ilə başladı?
- “Ərəb baharı”ndan sonra Yaxın Şərqdə bir sıra proseslər baş verdi. Bu proseslərin bir həlqəsi də Suriya oldu. Tunisdən başlayan proses tez bir zamanda Əlcəzairi əhatə etdi, Misirdə oldu, Liviyaya keçdi, eyni zamanda Suriyada da bütün bunlar davam etdi. Sadəcə olaraq, “Ərəb baharı”nın tərs nəticələrindən narazı qalan və bölgədə olan güclər Suriyada artıq açıq toqquşmaya getdilər.
- “Ərəb baharı”ndan sonra Suriyada başlayan proseslərin Misir və Tunisdən, Liviyadan fərqi nədə idi?
- Suriyada artıq açıq müstəvidə qarşıdurmaya getdilər. Çünki Liviyada mövqelərini itirən Rusiya Suriyada bunu qorumaq məcburiyyətində qaldı. Və ya müəyyən mənada öz oxu ətrafında bir şiə hilalı formalaşdırmağa müvəffəq olmuş İran Suriyadan çıxmaq və Suriyanı itirmək təhlükəsini yaşamaq istəmədi. Eyni zamanda Misirdə, Tunisdə, Liviyada və Əlcəzairdə baş verən “Ərəb baharı”ndan sonra hesabları tərs düşən ABŞ Suriyada daha kəskin mövqe qoymaq məcburiyyətində qaldı. Çünki adlarını çəkdiyim ölkələrdə islamçılar iqtidara gəldilər. Suriya artıq açıq müstəvidə bir qarşıdurma meydanına çevrildi. Ona görə də çox zaman analitiklər bu barədə fikir mübadiləsi aparırlar ki, əcəba niyə Suriyada bu proses bu qədər uzandı. On il əvvəl bir çox analitiklər qeyd edirdilər ki, Bəşər Əsəd gedəcək. Proses yeni başlayan zaman Əsədin gedəcəyi, iqtidardan devriləcəyi ilə bağlı fikirlər səsləndirilirdi. Ancaq mən o zaman da qeyd etmişdim ki, Əsəd getməyəcək.
- Əsədin getməməsinə səbəb nə idi?
- Çünki Suriyadakı proseslər sadəcə iqtidar-müxalifət qarşıdurması deyildi. Əslində, müəyyən mənada kiçik dünya müharibəsinin modeli yaşanmaqda idi. Orada duran güc mərkəzlərinin bir-birləri ilə olan qarşıdurmaları, çoxlu sayda hərəkatların, terror təşkilatlarının, ayrı-ayrı dövlətlərə tabe olan müxtəlif qruplaşmaların toqquşmaları yaşanırdı. Maraqlı məqam ondan ibarətdir ki, biz burada həm də yekdil qarşı duran tərəflər görmürdük. Bu gün biz desək ki, Əsəd rejiminə qarşı mübarizə aparan hərbi-siyasi müxalifət var. Bu, yanlış olardı. Çünki belə bir şey yoxdur. Müxalifətin özü də bir-birinə qarşı duran müxtəlif qruplaşmalardan, hərəkatlardan və terror təşkilatlarından ibarətdir. Əslində, Suriyanın çıxmazı, Suriyanın ərəb saçına dönməsi, yəni qarışıq mənzərənin yaşanmasının həm də bir səbəbi bu idi. Yaxın Şərqdə marağı olan güclərin Suriyada maraqlarının artıq açıq müstəviyə qatılması, eyni zamanda Suriyada konkret olaraq Əsəd rejiminə alternativ olacaq vahid müxalifətin olmaması ölkədəki prosesləri uzun illərə daşıdı.
- Bu müddətdə Rusiya, Türkiyə və İranın iştirakı ilə “Astana formatı” işə düşdü. Bu mexanizmi necə qiymətləndirirsiniz? Sizcə, bu format uğurlu oldumu? Sözügedən üç ölkənin bölgəyə hansı təsirləri oldu?
- Bu format Rusiya-İran-Türkiyədən ibarət olan bir formatdır. O zaman da qeyd etmişdim, indi də qeyd edirəm ki, bu, xarici təsirlərin təzyiqindən və diktəsindən doğan məcburi ittifaq idi. Çünki bu gün də birmənalıdır ki, Rusiyanın, İranın və Türkiyənin Yaxın Şərqlə bağlı baxışları, geosiyasi hədəfləri qətiyyən bir-birilə üst-üstə düşmür. Kifayət qədər ciddi fikir ayrılıqları var, elə Əsəd rejiminə münasibətdən tutmuş Suriyanın gələcəyi, Suriyanın gələcəyini quracaq qüvvələrlə və bu qüvvələrin hansılar olması ilə bağlı kifayət qədər ciddi fikir ayrılıqları var. Lakin Suriyadakı proseslərin idarəolunmaz bir vəziyyətə keçməsi, eyni zamanda bunun qanlı şəkildə davam etməsi təbii olaraq bölgədə marağı olan bu üç ölkəni razı sala bilməzdi. “Astana formatı” da bu səbəbdən yarandı, eyni zamanda Qərbin təsirlərini burada azaltmaq üçün məcburiyyətdən doğan bir ittifaq idi. Bu, həm də işlək mexanizmə çevrildi. Biz son iki ildə anti-terror əməliyyatları istisna olmaqla, Suriyada iri qanlı toqquşmaların, qarşıdurmaların şahidi olmasaq da, müəyyən mənada zaman-zaman burada marağı olan ölkələrin bir-birilə münasibətində də kiçik gərginləşmələrin şahidi olduq. Ələlxüsus, Rusiya ilə Türkiyə arasında, bir müddət əvvəl bununla bağlı İranla Türkiyə arasında da kriz yaşanmışdı. Amma yenə də “Astana formatı” öz işləkliyini göstərə bildi.
- Bu gün artıq Suriyada müəyyən mənada münasibətlərin daha loyal və yumşaq məcraya keçdiyinin şahidi oluruq. Sizcə, hansı güc burada əsas rol oynayır?
- Məncə, burada Türkiyə faktoru çox önəmlidir. Türkiyənin istər bölgə siyasəti, istərsə də xarici siyasəti, qarşı tərəflərlə münasibətlərində nəzərə aldığı incə məqamlar və bütün bunların hamısı birmənalı şəkildə bölgədə proseslərin daha yumşaq məcraya keçməsinə təkan verdi. Türkiyənin rolu bu baxımdan çox böyükdür. Eyni zamanda, burada Türkiyənin mərhələli şəkildə apardığı anti-terror əməliyyatlarını da qeyd etmək lazımdır ki, bunun da proseslərə çox ciddi təsirləri oldu.
- “Astana formatı”ında təmsil olunan üç ölkə və ABŞ-la yanaşı, başqa hansı güclərin burada marağı var?
- Ümumiyyətlə, Suriyada marağı olan güclər çoxdur. Biz Qərbi Avropanı unuda bilmərik. Suriya və İraq məsələsində onların da zaman-zaman həssas yanaşdığının şahidi olmuşuq. Qoca qitənin məhz bu bölgəyə olan marağının uzun əsrlik bir tarixi var. Deməzdim ki, burada söhbət təkcə Rusiya, Türkiyə, İran və ABŞ-dan gedir. Burada Qərbi Avropa ölkələri, ələlxüsus da Fransa və İngiltərənin maraqları var. Başqa bir məqam isə ərəb ölkələridir. Çünki ərəb ölkələri “Ərəb baharı”ndan sonra yeni prosesə qədəm qoydular. Bu prosesdə biz ərəb ölkələrinin özlərinin daxilində maraqlı geosiyasi hadisələrin yaşanmasının şahidi olduq. Məsələn, Qətər böhranı kimi. Üstəlik, ərəb ölkələrinin öz daxilində gedən rəqabəti də bir neçə istiqamətlərdə görə bilirik. İraqla bağlı görmüşük, Yəmənlə bağlı məsələdə görməkdəyik. Bu mənada ərəb ölkələrinin də burada müəyyən iştirakı və maraqlarını nəzərə almamaq olmaz.
- Suriyada vətəndaş müharibəsi beynəlxalq münasibətlərə nə qazandırdı, nələrlə yadda qaldı? Yaxın Şərq platformasına baxışı necə dəyişdirdi?
- Burada ən azı terror məsələsi ön plana çıxdı. Düzdür, 2013-2014-cü illərdə İŞİD yeni baş qaldırdığı zaman Türkiyə maksimum dərəcədə terror məsələsini ön plana çəkirdi, ələlxüsus da İŞİD məsələsini qəti şəkildə vurğulayırdı. Həmin dönəmdə NATO-nun baş katibi ilə Türkiyənin siyasi rəhbərliyi arasında polemika da yaşanmışdı. O zaman Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, bölgədə problemlərin həll edilməsi üçün mütləq şəkildə Əsəd rejiminin getməyi çox vacib şərtdir. Amma NATO daha çox İŞİD-in üzərində köklənməyi təsdiq etmişdi. Hətta o zaman Ərdoğan “problem Əsəddir, İŞİD isə simptomdur”, deyə maraqlı və yerinə düşən bir bənzətmə aparmışdı. Digər maraqlı məsələ də bundan ibarətdir ki, Türkiyənin bölgədə anti-terror əməliyyatları apardığı zaman biz Qərbin ona dəstək vermədiyini gördük. Əksinə, hətta Qərb Türkiyəyə qarşı savaş aparan bir sıra bölücü terror qruplaşmalarına daim dəstək olmağa başladı. Bu mənada ümumiyyətlə, Suriya məsələsində bir çox məqamlarda əslində hansı ölkənin hansı məsələyə beynəlxalq münasibətlər baxımından nə dərəcədə obyektiv baxış sərgilədiyinin şahidi olduq. Burada istənilən terror qruplaşmasına hər hansısa ölkə tamamən loyal yanaşır, hətta onu terror təşkilatı kimi qəbul etmir, ona mücahid, özünümüdafiə dəstəsi adını verir, halbuki onlar terrorçudurlar. Və ya əksinə, hansısa mübarizə aparan və əslində məqsədi terror olmayan hərbi qruplaşmaya başqa bir terror qruplaşması adı verilir. Bunun, eyni zamanda maraqlar çərçivəsindən məsələyə baxmağın da Suriya məsələsində zaman-zaman şahidi olduq.
- Qeyd etdiniz ki, 10 il əvvəl o zaman üçün Bəşər Əsədin hakimiyyətdən getməyəcəyini bildirmisiniz. İndi necə, gedə bilərmi?
- Əsədin getməsi üçün Suriyada konkret beynəlxalq güclər tərəfindən qəbul edilmiş siyasi müxalifətin formalaşması lazımdır. Bu, çox önəmlidir. Yəni, Əsəd gedərsə, onun yerinə kim gələcək? Çox maraqlıdır ki, 2014-2015-ci illərdən başlayaraq Suriyadakı proseslərə baxışın dəyişməsinin həm də bir səbəbi bu oldu. Çünki Suriyada vahid müxalifət cəbhəsi yoxdur və müxalifət cəbhələri də tamamilə bir-birlərindən fərqli məqsədə, istiqamətə, hədəfə və ideologiyaya malik olan qruplaşmalardır ki, bunların da öz aralarında ciddi problemlər var. Yəni Bəşər Əsəd hazırkı dönəm üçün Suriyanı müəyyən mənada təmsil edən bir namizəd kimi var. İstəsələr də, istəməsələr də bu mövcuddur. Ona görə də vahid siyasi müxalifət, ona alternativ olan bir qüvvə tam olaraq formalaşmayana qədər Əsədin iqtidardan getməyinə Suriyada, həmçinin bölgədə marağı olan güclər müsbət baxa bilmirlər, çünki ortada alternativ yoxdur.
- Bu proseslər gələcəkdə necə nəticələnə bilər?
- Hər şey ABŞ-Türkiyə, ABŞ-Rusiya, ABŞ-İran, ümumilikdə isə “Astana formatı”nda cəmləşən bu üç ölkənin bir-birilə münasibətlərindən asılıdır. Suriya prosesi artıq Suriya iqtidarından və ya müxalifətindən asılı olan bir proses deyil. Bu, birmənalıdır. Burada ən vacib məsələ bu bölgədə nüfuzu, gücü və marağı olan iri ölkələrin bir-birilə münasibətlərinin necə davam edəcəyindən asılıdır.
Oxu24.com
ŞƏRHLƏR