Son dövrlər idxal edilən mallar üzrə yüksək gömrük dəyərinin müəyyənləşdirilməsi ilə bağlı sahibkarlarda narazılıqlar artır. İddialara əsasən Gömrük Komitəsi hər il gömrük dəyərini yüksəldir. Bunun nəticəsində sahibkarlar idxal əməliyyatları ilə bağlı daha yüksək rüsum və vergi ödəməli olur.
Bəs, Gömrük Komitəsi bu cür davranmasında məqsəd nədir? Qanunvericilik Komitəyə gömrük dəyərinin müəyyənləşdirilməsində müstəsna hüquq tanıyırmı?
Gömrük dəyərinin artırılması ilə bağlı narazılıqlara münasibətini bildirən iqtisadçı-ekspert Natiq Cəfərli Sfera.az-a açıqlamasında bildirib ki, qanunvericilik dövlət orqanının bu şəkildə subyektiv davranmasına icazə vermir:
"Gömrük Komitəsində qiymətqoyma komissiyası yaradılıb. Rəsmi sənədlərlə idxal edilən malların invoys dəyəri xoşlarına gəlmədikdə və ya şübhə yaranan hal varsa, gömrük dəyərini bazar qiymətlərinə baxıb müəyyənləşdirirlər.
Avtomobil gətirən tanışlarım dəfələrlə mənə deyiblər ki, gömrük dəyəri daxili bazarda olan qiymətlər əsasında müəyyənləşdirilir. Xaricdən ona görə avtomobil gətirilir ki, daxili bazardan daha ucuzdur. Amma Komitə rəsmi invoysdakı qiyməti kənara qoyur, daxildəki qiymətlə yeni invoys qiyməti müəyyənləşdirir. Bu, özbaşınalıqdır. Qanunvericilik bu qaydada gömrük dəyərini müəyyən etməyə yol vermir. Qanunda belə bir tələb yoxdur, Komitə bu cür qiymətləndirməni yalnız daxili təlimatla həyata keçirir”.
N.Cəfərli hesab edir ki, Gömrük Komitəsinin bu cür davranmasında bir neçə məqsədi ola bilər: "Əsas məqsədlərdən biri büdcə gəlirlərində Komitənin yüksək xidmətinin olduğunu təbliğ etməkdir. Komitə rəhbərləri tez-tez fəxrlə bildirirlər ki, dövlət büdcəsinə nəzərdə tutulandan daha çox vəsait köçürüblər. Sanki Komitə istehsal sahəsidir, biznes müəssisəsidir ki, çox pul qazanıb.
Burada siyasi məqsəd də var. Komitə çalışır ki, ayrıca bir qurum kimi qala bilsin. Subyektiv yanaşma daxildəki sövdələşməyə də yol açır. Gömrük Komitəsində idxalçıya deyirlər ki, invoysin keçərli deyil, malın dəyərini yüksək hesablayacaqlar. Bu halda sahibkarla dövlət qurumunun əməkdaşı arasında alver başlayır. Bunun nəticəsində də iş adamlarından əlavə pul alınır”.
Ekspert söylədi ki, gömrük dəyərinin subyektiv şəkildə müəyyənləşdirilməsi daxildə bahalaşmaya səbəb olur: "Gömrüyə ödənilən istənilən vəsait sonda istehlakçının, alıcının cibindən çıxır. Heç bir iş adamı rüsum və vergini cibindən ödəmir. Bütün icbari xərclər malın qiymətinə əlavə edilir və həmin xərcləri son alıcı ödəyir. Bu vəziyyət daxili bazarda qiymət artımlarına səbəb olur”.
Qeyd edək ki, "Gömrük tarifi haqqında” Qanuna əsasən gömrük dəyəri gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə müəyyən edilir. Məhz həmin dəyər əsasında gömrük rüsumu və vergi alınır.
Qanuna əsasən gömrük dəyəri 6 üsulla müəyyən edilir. Birinci üsul gətirilən malların dəyərinin sövdələşmə qiyməti ilə müəyyənləşdirilməsidir. Qanuna görə malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin ƏSAS ÜSULUDUR. Yalnız bu üsuldan istifadə etmək mümkün olmadıqda, digər üsullardan istifadə edilə bilər. Digər üsullar isə eyni malların sövdələşmə qiyməti üsulu, eynicinsli malların sövdələşmə qiyməti üsulu, dəyərin toplanması üsulu, dəyərinin çıxılması üsulu və ehtiyat üsuludur. Hər bir üsuldan yalnız əvvəlki üsulla gömrük dəyərini müəyyən etmək mümkün olmadıqda istifadə olunur.
Oxu24.com
ŞƏRHLƏR