Pandemiya səbəbindən dünyada bütün istiqamətlər üzrə uçuşlar bahalaşıb. Bahalaşma ölkəmizdən də yan keçməyib. Hazırda Bakıdan uçuş həyata keçirilən bütün istiqamətlər üzrə qiymətlər artıb. Bir istiqamətə alınan bilet əvvəl maksimum 300 manat civarında idisə, indi bu qiymət 800 manata yaxındır.
Turizm mütəxəssisi, Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Oxu24.com-a bildirib ki, qiymət artımı sərnişinlərin büdcəsinə öz mənfi təsirini göstərəcək:
"Ölkədə qiymət siyasəti belədir - hər bir təşkilat öz qiymətini qoyur və heç kim ona təsir edə bilmir. Təsir imkanları olmadığı halda nə etmək olar? Qiymət artımı pandemiyadan öncə də aktual idi, yəni, səbəb bu deyil. Düşünün, İstanbuldan Parisə uçuş qiyməti 270 manatdır. Amma Bakıdan eyni istiqamətlərə uçuş nəzərəçarpacaq dərəcədə bahadır.
Pandemiya ən böyük zərbəni ölkənin turizm sektoruna vurub. İndi qurumlar həqiqətən də bu sahənin inkişaf etməsini istəyirlərsə qiymətlərin əlçatanlığını təmin etməlidirlər. Ölkəyə turistləri yalnız bu halda cəlb etmək mümkün olar”.
Ekspert qeyd edib ki, pandemiyanın Azərbaycan turizminə 90 faiz mənfi təsiri olub: "Lakin inanırıq ki, daxili turizm yavaş-yavaş inkişaf edəcək. Yaxın vaxtlarda rəqabət sistemi güclənərsə, aviaşirkətlər Azərbaycana gələrsə, qiymət məsələsində dəyişikliklər ola bilər”.
M.Ağakərimov həmçinin Novruz bayramı ərəfəsində ölkəyə gözlənilən turist axınından da söz açıb: "Bildiyiniz kimi hazırda müxtəlif maneələr var. Vaksinlə bağlı testlər, müəyyən vaxtın tələb olunması və s. Bu baxımdan düşünmürəm ki, bu il turistlər gəlsin. Digər tərəfdən əhalimizin regionlarda istirahət etməsi üçün imkanlar yaradılacaq. İnanıram ki, Novruz bayramı ərəfəsində otellərdə bir ay yer də olmayacaq”.
Qeyd edək ki, 2021-ci ilin yanvar ayında dünyanın 105 ölkəsindən Azərbaycana 36,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutan səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın fevral sayında qeyd olunub.
Oxu24.com
ŞƏRHLƏR