Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49414
az

Xocalıda bir ana öldürülmüş uşağını qucağından sonadək buraxmadı - İrfan Sapmazla MÜSAHİBƏ

09:1126 Fevral, 2021
1643
MÜSAHİBƏ
  • A

Xocalı soyqırımının 29-cu ili tamam olur. 1992-ci ildə Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdiyi dəhşətləri dünyaya çatdırmaqda ən böyük rolu media və jurnalistlər oynayıb.


Modern.az-ın əməkdaşı soyqırımını elə yerindəcə çəkib, dünyaya yayan Türkiyənin tanınmış savaş müxbiri İrfan Sapmazla danışıb. Jurnalist 1992-ci ilin 26 fevralında şahidi olduğu dəhşətləri yenidən xatırlayıb.

 

- İrfan bəy, maraqlıdır, Siz o zaman Xocalıya necə getdiniz?


- Xocalı qətliamı baş verdiyi zaman mən Şuşa şəhərindəydim. Amma hadisədən xəbərsiz idik. Şuşadan Laçına keçdik, sonra Ağdama gəldim. Orada Xalq Cəbhəsinin binasında Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov ilə birlikdə idik. Xocalıda qırğın olduğu barədə xəbər  aldıq. Gördüm ki, Allahverdi Bağırov Xocalı istiqamətinə gedir. Xahiş etdim ki, icazə versinlər, mən də onlara qoşulum. Biz Əsgəran yüksəkliyinə çatanda güllə yağış kimi yağırdı.

Həmin ərazidən səhər sübhdən axşam saatlarına qədər canını qurtarmağa çalışan qadınların, körpələrin şəkillərini və videolarını çəkdim. O zamanlar “Hürriyət” qəzeti və TRT-də işləyirdim. Çəkdiyim fotoları dünya mediasına çatdırmaq üçün Bakıya, daha sonra İstanbula yollandım. İlk dəfə Xocalı soyqırımını biz dünyaya bəyan etdik. Qeyd edim ki, Xocalıya getmək öz təşəbbüsüm idi.

 

- Hər şey gözünüzün önündə baş verdi, dəhşətli anlara yaxından şahid oldunuz. O günə qayıdaq...
 

- Mənim üçün həyatımın ən çətin günlərindən biri idi Xocalıda gördüklərim. Savaş müxbiri kimi daha əvvəl də dünyadakı münaqişələri izləmişdim. Əfqanıstanda altı il eyni görəvi yerinə yetirmişdim. Lakin Xocalıda baş verən dəhşətləri dünyanın heç  bir yerində görməmişdim. Öz qanımdan, canımdan olan, eyni dili danışdığım insanların qətlə yetirilməsinə şahid olmaq çox ağır idi. Şəkilləri, videoları göz yaşları içərisində çəkirdim. Ən acı anlardan biri isə bir ananın öldürülmüş uşağını qucağından sonadək buraxmaması idi. Zavallı ana, hadisənin şokundan övladının öldüyünü belə görməmiş, onu qucağında eləcə Xocalıdan qaçırmışdı. Bu dəhşətlər hələ də gözlərimin qabağından getmir.

 
- O vaxt yaşadıqlarınız, gördükləriniz həyatınızın sonrakı mərhələsində sizə necə təsir etdi?


- Bir savaş müxbiri olraq uzun illərdir dünyanın müxtəlif yerlərindəki müharibələrə canlı şahid olmuşam. Ogünkü faciə həyatımda dərin, acı izlər qoydu. Həyatın əslində nə qədər mənasız və boş olduğunu anladım. Sadəcə, saniyələr içində həyatımızı itirmək mümkündür. İnsanların canlarını qurtarmaq üçün veridiyi mübarizəni gördüm. Savaşların heç kimə faydasının olmadığını bir daha dərk etdim.

 

 - Çox maraqlıdır, peşəniz insanlara kömək əlinizi uzada bilmənizə mane olurdumu?


- Fotolar və videoları çəkdikdən sonra yaşlı ana-atalarımıza, körpələrə əlimizdən gəldiyi qədər kömək etdik. Üst-başım qan, palçıq içində idi. Hava tutqun və yağışlı idi.  Amma baxın, əlimizdə olan materiallrı dünyaya duyurmaq üçün elə o halımla Bakıya, Bakıdan isə Türkiyəyə qayıtdım.

 

- Savaş dövründə çəkilən fotoların, videoların bəzən digər müəllifin adına yazılması halları da olur. Bu mənada Xocalıda eyni hal yaşamamısınız ki?


- Orada çəkdiyim şəkillər və videolar dünyanın hər yerində yayımlanıb. Hadisə yerində olan tək jurnalistlərdən idim. Amma Xocalıdakı çalışmama xarici jurnalist gözü ilə heç vaxt baxmamışam. Əgər amerikalı, avropalı bir jurnalist gözü ilə yanaşsaydım, çəkdiyim şəkillərin müəllif hüququndan istifadə edərək bəlkə də milyon dollarlar qazana bilərdim. Lakin mən Azərbaycana həmişə öz vətənim kimi baxdığım üçün heç vaxt bunların arxasınca düşmədim. 12 il Azərbaycanda yaşadım, 30 ilə yaxın müddətdir ki, vətənimizin haqlı mübarizəsini dünyaya yaymağa çalışıram. Bütün bunları qarşılıq gözləmədən, öz qəlbim və vicdanımla etdim. 
Lakin biraz incikliyim də oldu.  Azərbaycan dövlətinə, xalqına bu qədər xidmət etmiş bir jurnalist olaraq ən azından qısa bir təşəkkür yazısı gözləyirdim. Bu məni mənəvi cəhətdən çox xoşbəxt edərdi.  Son Qarabağ hadisələri zamanı Azərbaycan höküməti tərəfindən jurnalistlərə təqdirnamələr, medallar təqdim olundu. Lakin əmək və əziyyətlərimin  görülməməsi məni biraz incitdi. Artiq bundan sonra belə bir girişim olsa belə, önəmi yoxdur.  Azərbaycan xalqını çox sevirəm və onların mənə verdiyi dəyəri də bilirəm. Jurnalist olaraq hər zaman azərbaycanlı qardaşlarımın yanında olmağa davam edəcəyəm.

 

Allaha şükürlər olsun ki, təxminən 30 il sonra Azərbaycan torpaqları düşmən işğalından azad olundu.  Müdafiə Nazirliyinin açıqlamasına görə, 3000-ə yaxın şəhid verdik. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Onlar vətənləri üçün böyük bir fədakarlıq nümunəsi göstərərək, canlarından keçdilər. Qazanılan zəfərə görə Azərbaycanın Ali Baş Komandanını, xalqını və əsgərini təbrik edirəm.  Bununla Azərbaycan Ordusunun və Azərbaycan-Türkiyə dostluğunun gücü bir daha dünyaya sübut olundu. Bu bölgələrə sərmayə qoyulmalı, yurdlarından didərgin düşən insanlar geri qayıtmalıdır.


Məsələdə Azərbaycan dövlətinin üzərinə böyük iş düşür. Bundan sonra Xocalı qətliamı dünya ictimaiyyətinə daha yaxşı tanıdılmalıdır. İndiyə qədər bu məsələdə həm Türkiyə, həm Azərbaycanın müəyyən zəif tərəfləri olub.  Əgər qətliamın dünya tarixinə bir iz qoymasını istəyiriksə, faciəni xüsusilə Qərb ölkələrinə doğru bir şəkildə anlatmaq lazımdır. Bu məsələdə “Xocalıya Ədalət” kampaniyasını yüksək dəyərləndirirəm. Ancaq dayanmamalıyıq. Dünya Xocalı soyqırımını tanımalı, qəbul etməli, Ermənistan bu vəhşiliyinə görə təzminat ödəməlidir.

 

Fidan ƏLİ

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı -MÜSAHİBƏ
“Birbank Star-la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”
Fərid Hüseynov: “Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq” -Müsahibə

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Bakıda 6 nəfərin 33 min manatı ələ keçirilib