Rusiyanın Gelencik şəhəri yaxınlığında yerləşən, prezident Vladimir Putinə aid olduğu iddia edilən sarayda ilk dəfə çəkiliş aparılmasına icazə verilib.
Oxu24.com-un xəbərinə görə, çəkilişi "Mash” teleqram kanalının baş redaktoru, jurnalist Maksin İksanov aparıb.
Mətbuat nümayəndəsinə sarayın bütün otaqlarını gəzmək üçün yalnız 1 saat vaxt verilib. M.İksanovun sözlərinə görə, onun bələdçisi sarayın tikintisi üzrə texniki nəzarətin nümayəndəsi olub. KİV əməkdaşının ora kimin göstərişi ilə buraxılması açıqlanmayıb. Videoreportajdan sarayda əsaslı təmir işlərinin getdiyi məlum olub. Jurnalistin bələdçisi təmir-tikinti işlərinin 5-6 il ərzində bitəcəyini bildirib.
"Meduza” nəşri isə saray yapısının yeni təfərrüatlarını öyrənə bilib. Məlum olub ki, V.Putin İdokopas burnunda yerləşən sarayı nadir hallarda ziyarət edir. Nəşrin hesablamalarına görə, dövlət başçısı orada azı 4 dəfə olub. Prezidentin hər səfərində orada ciddi hazırlıq işləri başlanır.
Diqqət çəkən məqamlardan biri imarətin bunkeridir. Belə ki, iqamətgahın yeraltı kompleksi 16 mərtəbədən ibarətdir və yerləşdiyi İdokopas burnunu dəlir. Məlumata görə, aşağı düşmək üçün lift təxliyə ehtimalına görə əsas evin bir neçə metrliyində yerləşir. Ümumilikdə burnun dərinliyinə daxil olmaq üçün 3 giriş mövcuddur. Şaxtaların tikintisi (2007-2011) 3 milyard rubla başa gəlib. Bildirilib ki, saraydakı belə bunkerlərin sayı 2 olmalı idi, ancaq 2008 maliyyə böhranına görə plandan vaz keçilib.
Bundan başqa, malikanədəki məşhur akvadiskotekadan 2 ədəd olduğu məlum olub. İşıq və musiqili fəvvarənin (onun şırnaqları rəqs edir, Kayli Minouqun trekləri və fransız şansonun sədaları altında işıqlandırılır) bənzərini iqamətgahın şato olan ərazisində - Divnomorskda quraşdırılıb. Ancaq şatonun yiyəsi hələlik müəyyənləşdirilməyib. Bu tikintiyə "Dimanın yaylağı” adı verilib. Ora Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin dövründə tikilib.
Qeyd edək ki, "Mash” Rusiyada məşhur teleqram kanalıdır. Kanalın əsasını baş direktoru erməni iş adamı Aram Qabrelyanov olan "News Media”nın "Life” nəşrinin baş redaktoru Nikita Moqutin qoyub. "Meduza” isə qərargahı Latviyanın paytaxtı Riqada yerləşən internet-nəşrdir. Nəşrin qurucusu "Lenta.ru"nun sabiq baş redaktoru Qalina Timçenko olub.
Xatırladaq ki, yanvarın 18-də Korrupsiya ilə Mübarizə Fondunun qurucusu, Rusiya müxalifətinin lideri Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası verilə bilər. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir. A.Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və çirkli pullarla əldə etdiyi sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 100 milyondan çox izlənib və Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb
Oxu24.com
ŞƏRHLƏR