Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44127
az

Rusiya sülhməramlılarına xəritə düzəltmək səlahiyyətini kim verib?-  Moskva Qarabağdakı öhdəliklərini pozur

10:2914 Dekabr, 2020
7697
DÜNYA
  • A

Rusiya sülhməramlılarının işğaldan azad edilmiş ərazilərlə bağlı gündə bir xəritə düzəltdiyinin şahidi oluruq: gah üçtərəfli razılaşmada nəzərdə tutulmuş əraziləri bu xəritəyə salır, gah erməni vətəndaşlar üçün ayrılmış əraziləri genişləndirir, gah da absurd cızma-qaralarla ərazilərə yeni “görünüş” verir. Və bu hallar Azərbaycan cəmiyyətində suallar yaradır:

- Sülhməramlıların Qarabağda missiyası nədən ibarətdir?
- Onlara gündə bir xəritə düzəltmək səlahiyyətini kim verib?
- Onlar Qarabağda sülhü bərpa etmək üçün təmsil olunurlar, yoxsa?

Sülhməramlıların missiyalarını aşan fəaliyyəti bu sualları haqlı edir.

Noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlıları Qarabağ bölgəsinə sülhyaratma missiyası ilə yerləşdirilib. Sülhməramlı qüvvələr tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritənin təqdim edilməsi isə Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğuran son hadisələrdən biri oldu.

Müşahidələr göstərir ki, Rusiya xəritələrlə manipulyasiya etmək və sülhməramlıları tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlərlə öz öhdəliklərini açıq-aşkar pozur. Halbuki, sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir:

- Sülhməramlılar münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında müvafiq bölgəyə yerləşdirilir;
- Sülhməramlılar qərəzsiz və neytral olmalıdır;
- Sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər;
- Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi missiyanın başlıca vəzifəsidir;

Burada əldə olunmuş razılaşma Üçtərəfli Bəyanatdır. Razılaşmaya görə, sülhməramlılar Qarabağda təhlükəsizliyi və birgəyaşayışı təmin etmək məqsədilə mövcuddular. Onların missiyası Azərbaycan vətəndaşı olacaq ermənilər üçün ayrılmış ərazilərdə təhlükəsizliyi təmin etmək və gələcək birgəyaşayış mühiti yaratmaqdır. Rusiya sülhməramlıları da fəliyyətini öz öhdəliklərinə uyğun qurmalıdırlar.

Beynəlxalq hüquqa görə BMT mandatlı, yaxud bu mandatdan kənarda olmasından asılı olmayaraq, bütün sülhməramlılar, o cümlədən Rusiya sülh qüvvələri də razılaşmanın bəndlərinə əməl etməli, bölgədə sülhü təmin etməlidir. Rusiya sülhməramlılarının hazırki addımları isə Üçtərəfli Bəyanata da, beynəlxalq hüquqa da, sülh yaratmaq mandatına da ziddir.

Xocavənddə baş verən sonuncu erməni terror fəaliyyəti, ardınca da Rusiya sülhməramlılarının yaydığı yeni xəritə belə nümunələrdəndir.

Rayonun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar etdi, nəticədə ölən və yaralananlar var. Azərbaycan bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət edir. Əgər yeni hallar baş verəcəksə, Azərbaycan tərəfi adekvat addımlar atacaq.

Burada artıq məsələ münaqişə yox, Azərbaycanın sərhədləri daxilində qanunsuz silahlı birləşmələrin terror fəaliyyətidir və Azərbaycan daxili qanunvericiliyinə, eləcə də beynəlxalq hüquqa uyğun olaraq anti-terror əməliyyatı keçirmək haqqına sahibdir. Son əməliyyatlar da Azərbaycanın bu haqqından istifadə etməsi deməkdir. Adıçəkilən kəndlər terrorçulardan təmizləndikdən sonra Rusiya sülhməramlıları yeni xəritə yayaraq, bu əraziləri mülki erməni əhalisi üçün nəzərdə tutulmuş və onların nəzarət etdiyi ərazi kimi təqdim etdi. Bu, birbaşa üçtərəfli razılığın hüdudlarını aşmaq deməkdir. Çünki həmin kəndlər Azərbaycan Ordusunun nəzarətində keçən ərazilərdir. Sülhməramlılar missiyalarına uyğun olaraq, indiyə qədər bu ərazilərdən erməni terrorçularını çıxarmalı idi. Bunu etməyiblər, Azərbaycan da terror hücumlarının edilməsindən sonra adekvat addımlar atıb.

Sülhməramlı qüvvələrin qeyri-real olan son xəritəsinə düzəliş edilməsinə ciddi ehtiyac var. Çünki Azərbaycan ictimaiyyətində haqlı suallar və narazılıq yaranır. Və bu sualların hədəfi birbaşa Rusiyadır.

Rusiya tərəfi yaxşı bilir ki, bu ölkənin sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və çoxsaylı suallara, cəmiyyətin müəyyən qruplarının narazılığına səbəb olub. Baş verən yeni hallar isə Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarına olan müəyyən etimad limitini əsaslı şəkildə sarsıdır. Azərbaycan ictimaiyyəti müharibə dövründə Rusiyanın Ermənistanı intensiv şəkildə silahlandırmasını yaxşı xatırlayır. Azərbaycan xalqı Gəncə, Bərdə və Tərtər şəhərlərinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulduğunu da yaxşı bilir.

Bütün bunların fonunda Moskva öz imicinə zərbə olan bu addımlara niyə gedir?

Proseslərin inkişafı göstərir ki, Rusiyada müəyyən qüvvələr bölgədə baş verənlərdən narazıdırlar:

- Üçtərəfli Bəyanatı qəbul etmək istəmir və buna qarşı təxribat planlar üzərindən addımlar atırlar;
- Azərbaycanın müharibənin qalibi olmasını həzm edə bilmirlər;
- Onların həzm edə bilmədiyi digər məsələ dekabrın 10-da Bakıda keçirilmiş Qələbə paradında Rusiyanın Ermənistana hədiyyə etdiyi, amma Azərbaycan Ordusu tərəfindən götürülmüş və ya məhv edilmiş texnikanın nümayişidir;
- Bununla yanaşı, Qələbə paradında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakının həmin qüvvələri qıcıqlandırdığı da istisna deyil;

Lakin təxribat xarakterli belə addımlar ilk növbədə Rusiyanın imicinə zərbə vurur.

Rusiyadakı məlum qüvvələr anlamalıdır ki, bölgədə yeni reallıq yaranıb və bunun fonunda Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə reallaşdırdıqları planları Azərbaycanda təkrarlamağa cəhd göstərməməlidirlər. Anlamalıdırlar ki, ənənəvi qaydada, digər ölkələrə qarşı olduğu kimi, Azərbaycandan da ixrac edilən kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq olunması və bunun olduqca bəsit şəkildə sanitar-epidemioloji tələblərlə pərdələnməsi süni şəkildə əngəl yaratmaqdan bir şey deyil. Azərbaycan ictimaiyyəti bunu görür və başa düşür. Bu isə Azərbaycanda anti-Rusiya meyllərinin daha da güclənməsinə səbəb olur. Başa düşməlidirlər ki, Azərbaycana qarşı atılan hər bir addımın acısını Ermənistan çəkəcək.

Və bu bu proses son nəticədə Rusiyanın Azərbaycandakı imicinə böyük zərbə olacaq.

Rusiya istər Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, istərsə də bu regiondakı fəaliyyətində Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır. Burada başqa alternativlərə yer yoxdur, alternativlər axtarışına cəhd edən Rusiyadakı qüvvələr də ilk növbədə öz ölkələrinin imicinə və bölgədəki maraqlarına zərər vurur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya ordusu bu kəndə daxil oldu: Şiddətli döyüşlər gedir
Serbiyada matəm elan olundu -YENİLƏNDİ
Vəhşicəsinə qətlə yetirilən Narin Güranın sümüklərini sızladan hadisə: Ailəsinin kefi kökdür -VİDEO

Qeyri-adi canlı: Erkəkləri bala doğan dənizatları — VİDEO

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Saxta sağlamlıq arayışlarının verilməsinin hansı nəticələri ola bilər?- AÇIQLAMA
Əziz Seyidov təqaüdə göndərildi- Foto