Millət vəkili Cavanşir Feyziyevin Axar.az-a müsahibə verib. Oxu24.com müsahibəni təqdim edir:
- Cavanşir müəllim, gözlənildiyi kimi, bu gün Laçın da Azərbaycana təhvil verildi. Müharibə bitdimi?
- Məlum üçtərəfli Bəyanata uyğun olaraq bu gün Laçın rayonu da işğaldan azad olundu. Bu münasibətlə bütün xalqımızı təbrik edirəm.
Bəli, deyə bilərik ki, müharibə bitdi, çünki Ermənistanın artıq müharibə aparası ordusu qalmayıb. Amma münaqişənin bitdiyini güman etmirəm. Ermənistan mətbuatına nəzər salanda belə aydın olur ki, biz həmişə hərbə hazır olmalıyıq. Bəyanat imzalanan günlərdə ermənilər öz taleyi ilə barışmaqdan başqa yolları olmadığını qəbul edirdilər. Lakin sonrakı günlərdə erməni cəmiyyətində aparılan təbliğat onlara yeni ümidlər verib. Savaş zamanı qaçıb getmiş ermənilər Qarabağda məskunlaşdığı yerlərə, xüsusilə Xankəndiyə qayıdır. Ermənistan qondarma rejimin guya beynəlxalq səviyyədə tanıdılması ilə bağlı səylərini gücləndirib. Deməli, biz hələ də erməni inadkarlığı ilə mübarizəmizi davam etdirməli olacağıq.
- Sizcə, qondarma rejimin tanınması ilə bağlı ermənilər nəyəsə nail ola bilərlər?
- Qətiyyən yox. Bu başdan məlumdur ki, hadisələrin o istiqamətdə genişlənməsi qeyri-mümkündür, bunun üçün artıq heç bir hüquqi əsas və zəmin yoxdur. Amma erməni siyasətçiləri Qarabağ qaçqınlarından sui-istifadə etməklə yenidən status məsələsini dünya siyasətinin gündəmində saxlamağa çalışırlar. Ona görə də hesab edirəm ki, münaqişə hələ tam aradan qalxmayıb. Nə qədər ki erməni iddiaları davam edəcək, biz də bütün istiqamətlərdə öz işimizi aparmalı və onların bütün qeyri-qanuni cəhdlərinin qarşısını almalıyıq.
- Bəyanat imzalanandan bu günə qədər həmin razılaşmaya əsasən nəyin nə vaxt baş verəcəyini bilirdik. Sizcə, bundan sonra nələr baş verəcək, daha nələr gözləyə bilərik?
- Bəyanata əsasən azad olunması nəzərdə tutulan ərazilər artıq Azərbaycana təhvil verilib. Amma münaqişənin tam tənzimlənməsi ilə bağlı həllini gözləyən çoxsaylı məsələlər var. Məsələn, Azərbaycanla Ermənistan arasında vaxtilə mövcud olmuş qanuni sərhədlərin bərpa olunması və onların mühafizəsinin təşkili, azad olunmuş ərazilərin minalardan və müxtəlif silah-sursatdan təmizlənməsi, məcburi köçkünlərimizin öz torpaqlarına, o cümlədən Xankəndiyə və ermənilərin yaşadığı digər yaşayış məntəqələrinə - öz evlərinə qaytarılması, qarışıq yaşanacaq ərazilərdə təhlükəsizliyin təmin olunması və s. kimi məsələlər hazırda qarşıda duran məsələlərdir. Amma bu da görüləcək işlərin hamısı deyil. Bütün ərazilərin qanunauyğun şəkildə Azərbaycan yurisdiksiyası altına gətirilməsi və oralarda dövlətin mərkəzi və yerli idarəçilik orqanlarının işinin təşkili də vacib və təxirəsalınmaz məsələdir. Daha sonra bütün ərazilərdə işğalın nəticələrinin aradan qaldırılması ilə bağlı çox işlər görülməlidir. Yayılan video-görüntülərdən də bildiyiniz kimi, düşmənlərimiz bütün Qarabağı söküb talayıblar. Bütövlükdə regionun infrastrukturu yenidən qurulmalı, yollar salınmalı, bütün evlər və binalar yenidən tikilməli, tarixi-mədəni abidələrimiz bərpa olunmalıdır.
- Sizcə, bütün bu işlərin həyata keçirilməsi üçün nə qədər vaxt tələb olunur?
- Dövlət başçısının çıxışlarından və hökumət üzvlərinin açıqlamalarından görünür ki, artıq bütövlükdə bölgənin dirçəldilməsi üçün çoxsaylı layihələr hazırlanır və tezliklə onların icrasına başlanacaq. Heç şübhəsiz, 30 illik bir işğala 44 gündə son qoymuş bir dövlət qaytardığı torpaqları da qısa bir zamanda abadlaşdıracaq. Bu gedişlə düşünürəm ki, yaxın 5-10 il içərisində Qarabağ yaşamaq və ya səyahət etmək üçün nəinki Azərbaycanın, hətta dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
Oxu24.com
ŞƏRHLƏR