"Mən Bayramın yolunu bir il də gözləyərəm təki desinlər ki, balam sağdır. Mən onun azyaşlı oğlunu və həyat yoldaşını sakitləşdirə bilmirəm. Hamımız pərişanıq".
Oxu24.com xəbər verir ki , bu sözləri azxeber.com-a açıqlamasında erməni əsirliyində olan Kərimov Bayramın anası Kərimova Zülfiyyə deyib.
O bildirib ki, Bayram müharibəyə könüllü gedib: Bayram mənim ilk övladımdır. Ondan başqa bir oğlum və qızım var. O biri oğlum da cəbhədədir.
Bayram II Qarabağ müharibəsi başlayan kimi könüllü olaraq orduya getdi. Sonuncu dəfə noyabrın 6-sı danışdı bizimlə. Bizə bildirdi ki, Şuşaya gedirlər və bundan sonra əlaqə yaratmaq çətin ola bilər.
Zülfiyyə Kərimova deyib ki, Bayramın övladı atasının yolunu gözləyir: Oğlu atasının şəklinə baxıb "atam gələcək" deyərək ağlayır. Nə onu, nə də Bayramın həyat yoldaşını sakitləşdirə bilmirik.
Zülfiyyə ana bir daha Qırmızı Xaç Komitəsinə müraciət edib: "Balamı sağ-salamat qaytarıb versinlər. Balamın heç olmasa bir səsini və ya görüntüsünü versinlər. Şəklin göstərsinlər və desinlər ki, balam sağ-salamatdır. Eybi yox mən 1 il də gözləyərəm. Təki bilim ki, balam salamatdır və onu verəcəklər bizə.
Oxu24.com
ŞƏRHLƏR