Ağdam rayonunda qeyri-rəsmi yaşadığı qadını öldürməkdə təqsirli bilinən 1969-cu il təvəllüdlü Ayaz Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Ayaz Quliyev Ağdam rayonu Yuxarı Yüzbaşlı kənd sakini, 1964-cü il təvvəllüdlü Təzəgül Vəliyeva ilə 2014-2019-cu illər ərzində qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşayıb.
O, Təzəgül Vəliyevanın başqa kişilərlə, o cümlədən hərbi qulluqçularla intim münasibətindən şübhələndiyinə görə 2019-cu ilin aprel və may ayları ərzində onların arasında qısqanclıq zəminində söz-söhbət olub.
Mayın 18-də Ayaz Quliyev Təzəgül Vəliyeva ilə telefonda danışıb. Mübahisə vaxtı Təzəgül Vəliyeva onun ölmüş valideyinləri barəsində təhqiredici ifadələr işlədib.
Ayaz Quliyev mayın 24-də, saat 15.30-da Quzanlı-Əfətli yolunun Kolqışlaq kəndi ərazisindən keçən hissəsində, “Balıqçılıq” adlı kafenin yaxınlığından idarə etdiyi “VAZ 2107” markalı avtomobillə keçərkən qudası Sərxan Yusibovu həmin kafedə görüb. O, kafeyə daxil olub, Sərxan Yusibovun əyləşdiyi masada Təzəgül Vəliyevanı və onun əvvəllər uzun müddət ər-arvad kimi yaşadığı Hüseyn Əhmədovu görüb.
Ayaz Quliyev ölmüş valideyinlərini təhqir etdiyinə görə Təzəgülü öldürmək qərarına gəlib. Avtomobildə saxladığı mətbəx bıçağını şalvarının sağ cibinə qoyub və geri qayıdıb. Heç bir söz demədən bıçaqla Təzəgülün boyun nahiyəsinə vurub. Qadın aldığı xəsarətdən həmin gün Bərdə rayon Mərkəzi Xəstəxanasında ölüb.
İstintaq orqanı tərəfindən Ayaz Quliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə şahid qismində ifadə verən Sərxan Yusibov bildirib ki, hadisə baş verməmişdən təxminən 1-2 ay əvvəl Təzəgül keçmiş əri Hüseynlə barışmaq istəyib: “Təzəgül mənə zəng edərək böyüklük etməyimi, Hüseynlə onu barışdırmağımı xahiş etdi. Ayaz isə Təzəgülün Hüseynlə barışmasını istəmirdi.
Təzəgül mənə keçmiş əriylə barışacağı təqdirdə Ayazın onu öldürəcəyi ilə hədələdiyini bildirmişdi. Ayazla Təzəgülün münasibətləri pisləşmişdi. Ayaz Təzəgülü özündən asılı etmək üçün təqaüdünün bərpasına mane olurdu.
Təzəgülə onu Hüseynlə görüşdürəcəyimi, mübahisələrinin həllinə köməklik göstərəcəyini bildirdim”.
Sərxan Yusibov qeyd edib ki, hadisə baş verən günü Hüseynlə danışıb: “Sonra Təzəgülə zəng etdim, Hüseynlə görüşəcəyimi, bu gün onunla Hüseyn arasında telefonla əlaqə yaradacağımı dedim. Yolda olan zaman təxminən saat 14 radələrində mobil telefonuma Təzəgüldən zəng gəldi, xahiş etdi ki, Hüseynlə barışması üçün köməklik edim, həmin vaxt telefonu Hüseynə verdim. Onlar təxminən 20 dəqiqə telefonda danışdılar. Telefon danışığı zamanı Təzəgül Hüseynlə barışmaq istədiyini, lakin Ayazın onların barışmasına mane olduğunu söylədi.
Hüseyn onunla barışmaq istəmədi, Təzəgülün onu görüşə dəvət etməsindən imtina etdi. Lakin sonradan görüşə razılıq verdi”.
Sərxan Yusibovun sözlərinə görğ, bundan sonra Təzəgüllə danışaraq onu yanacaq doldurma məntəqəsinin arxasından maşına götürüb: “Avtomobili Rabil idarə etdi. Mən qabaq oturacaqda, Hüseynlə Təzəgül arxada əyləşdilər. Yolun üstündə, gölün kənarındakı “Balıqçılıq” deyilən kafeyə döndük, orada əyləşməyi qərarlaşdırdıq.
Kafenin həyətinə daxil olan zaman Ayaz Quliyev mənə zəng etdi və bildirdi ki, yanında kim var, sizi maşında keçəndə görmüşəm. Ayaza yanımda heç kəsin olmadığını bildirdim. Məndən yanımdakı şəxsin kişi, yoxsa qadın olduğunu soruşdu. "Yanımda heç kəs yoxdu", dedim. Ayaz telefonu söndürdü. Ayaza ona görə elə dedim ki, Hüseynlə Təzəgülün birlikdə olmasından xoşlanmayacağını bilmişdim.
Avtomobildən düşüb, gölün kənarında masalardan birinə gedən zaman sürücü Rabil oruclu olduğunu bildirdi. Rabildən aşağıda yerləşən bulağın yanında dayanıb gözləməsini xahiş etdim”.
Sərxan Yusibov qeyd edib ki, bundan sonra o, Hüseyn və Təzəgül gölün kənarında masada əyləşiblər: “Hüseynlə yemək yediyimizdən Təzəgül üçün ofisianta iki şiş kabab sifariş etdik. Bundan 10-15 dəqiqə sonra Hüseyn Ayazın gəldiyini bildirdi. Ayaz həyətə daxil olub taksi sürücüsü ilə görüşdü, bulaqda əl-üzünü yuduqdan sonra Hüseyn onu masaya dəvət etdi.
Ayaz bizə tərəf gələndə üzərində bıçaq olduğunu görmədim. Yanımdakı stula ayaqlarım protez olduğu üçün istifadə etdiyim əsanı qoymuşdum. Əsanı stuldan götürdüm ki, Ayazın əyləşsin. O, masaya yaxınlaşdı, heç bir kəlmə demədən sol əlini masaya qoydu, sağ əlindəki bıçaqla qəfildən Təzəgülün boyun hissəsinin sol tərəfdən bir zərbə endirdi. Təzəgül zərbə alan kimi qışqırdı, Ayaz isə arxasına çönüb gəldiyi istiqamətdə qaçdı. Nə qədər səsləsəm də, dayanmadı.
Hüseyn Təzəgülün yanında oturduğundan əli ilə onun boyun nahiyəsini sıxaraq qanaxmanın qarşısını almağa çalışdı. Mən də dərhal mobil telefonla təcili tibbi yardıma zəng etdim, məlumat verdim. Təzəgülü xəstəxanaya apardılar. Biz də gəldiyimiz taksiyə əyləşdik, Təzəgülün arxasıyca xəstəxanaya getdik”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayaz Quliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Ayaz Quliyev apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını istəyib.
Ayaz Quliyevin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Teyyub Muxtarovun icraatına verilib.
Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib.
Ayaz Quliyevin şikayəti təmin olunmayıb.
Oxu24.com
ŞƏRHLƏR