Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında noyabrın 10-da əldə edilmiş razılaşmaya əsasən Dağlıq Qarabağa yeridilən Rusiya sülhməramlı qüvvələrinin ilk bölmələri bu gün axşam saatlarında Xankəndinə daxil olub.
Virtualaz.org xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov keçirdiyi brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, Rusiya sülhməramlılarının ilk bölmələri Dağlıq Qarabağda atəşin dayandırılmasına nəzarət üzrə vəzifələrinin icrasına başlayıblar. Artıq sülhməramlıların bir batalyonu saat 17.00-da marşla Xankəndinə daxil olub. Bundan əvvəl isə yeni təmas xətti və Laçın dəhlizi boyu 10 müşahidə postu qurulub.
İqor Konaşenkov deyib ki, 15-ci əlahiddə motoatıcı briqadanın ön bölmələri Şuşa şəhərinin yaxınlığına da çatıblar və orada yeni müşahidə postları qururlar. Qeyd edək ki, postların Şuşa şəhərindən neçə kilometr məsafədə olacağı məlum deyil.
“Sülhməramlı briqadanın bölmələri Gorus-Sus-Göytala-Lısoqor (Keçəldağ-Turşsu) –Şuşanın cənub-qərb ətrafı marşrutu ilə yürüş edərək təyinat məntəqəsinə çatıblar və “CƏNUB” məsuliyyət zonasında dörd müşahidə postu qurublar”,-Konaşenkov açıqlayıb.
O, əlavə edib ki, bu gün Dağlıq Qarabağa ikinci sülhməramlı batalyonunun bölmələri daxil olub. Konaşenkovun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin milli müdafiə Mərkəzi sülhməramlıların təhlükəsizliyinin təmin edilməsi və mümkün pozuntuların qarşısının alınması üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Baş qərargahları ilə daimi təmasdadır.
Hazırda Dağlıq Qarabağda 817 sülhməramlı. 119 vahid texnika, o cümlədən 8 ədəd Mi-8 və Mi-24 vertolyotları yerləşir. Kontigentin qalan hissəsi təyinat rayonuna daşınmaqdadır.
Oxu24.com
ŞƏRHLƏR