Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41297
az

Şuşa ilə bağlı FAKTLAR AÇILDI: Şəhər 33 gün mühasirədə qalır, amma…

11:3311 Noyabr, 2020
1948
MÜSAHİBƏ
  • A

Şuşanın yaranması, tarixi əhəmiyyəti və gələcək rolu barədə danışan tarix elmləri doktoru, professor Kərim Şükürov qeyd edib ki, dövlət başçısı İlham Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq Qarabağ azadlıq hərəkatının manifestini və ideologiyasını yaratdı.

Publika.az Kərim Şükürovla müsahibəni təqdim edir:

- Şuşanın yaranma tarixi haqqında nələri bilməliyik?

- Şuşanın meydana gəlmə tarixi xüsusi önəm kəsb edir, bununla da Qarabağ xanlığının tarixində yeni səhifə açıldı. Digər xanlıqlardan fərqli olaraq Qarabağ xanlığının mərkəzi yox idi. Odur ki, xanlığın banisi Pənah xan çox ciddi addım atdı, əvvəlcə Bayat qalasını, sonra Şahbulağı xanlığın mərkəzi seçdi. Lakin istər Bayat qalası, istərsə də Şahbulaq xanlığın müdafiəsinin təşkilində lazım olan effekti və mərkəz vəzifəsini həyata keçirə bilmədi. Bu səbəbdən Pənah xan yeni paytaxt yaratmaq fikrinə düşür və bunun üçün öz yaxın adamları ilə bu məsələni müzakirə edərkən müəyyən şərtlər irəli sürür: 1. Biz gərək elə bir mərkəz seçək ki, bu mərkəz Qarabağın digər elləri ilə sıx əlaqədə olsun; 2. Bu mərkəzin təbii müdafiə qabiliyyəti olsun; 3. Burada su olsun ki, yaşayan əhali su ilə təmin olunsun;

Erməni tarixçiləri çox kobud səhvə yol verirlər, bu tarixi həqiqəti təhrif edirlər. Guya bu yerin seçilməsi və şəhər kimi inkişaf etdirilməsi Məlik Şahnəzərin adı ilə bağlı olub. Təbii ki, Qarabağ xanlığında olan proseslərdə bunun müəyyən dərəcədə rolu ola bilərdi. Amma düşünürəm ki, Şuşanın mərkəz kimi seçilməsi və inkişaf perspektivinin görünməsi bu xanlığın banisi Pənah xanın adı ilə bağlıdır. Şəhər meydana gələndə ona Pənah xanın adı - Pənahabad adı verilmişdi. Bu şəhərin adını ilk dəfə Pənahabad adlandırsalar da, nə xanın özü, nə də varisi Mehdiqulu xan Pənahabad adının Şuşa ilə əvəz olunmasına çox adi baxırlar. Bu, şəhərlər tariximizdə çox maraqlı faktdır. Xan özü də israr etmir ki, şəhəri Şuşa yox, Pənahabad adlandırsınlar. Bundan sonra şəhərdə tədqiqatlar gedir, xüsusilə su məsələsi ilə bağlı müsbət fikirlər bildirəndə xan yaxın adamları ilə ora gəlir və Şuşanın indiki ərazisində şəhər salınmasına razılıq verir.

Şuşanın yaranması ilə bağlı tarixi ədəbiyyatda belə bir fikir də var ki, burada qədim zamanlarda da şəhər olub və sonradan bərpa olunub. İkincisi odur ki, Pənah xan yeni şəhərin əsasını qoyub. Bu versiyaların ikisinə də real şəkildə baxa bilərik. Daha sonra Şuşanın inkişaf mərhələsi başlayır, Qarabağ xanlığının mərkəzi kimi onun iqtisadi, siyasi və mədəni həyatının cərəyan etdiyi mühüm mərkəzə çevrilir. Bu şəhəri canlandırmaq fikri Pənah xanda o dərəcədə yüksək olur ki, qısa zamanda bu cür mürəkkəb yerdə gözəl şəhər yaradılır, o şəhər nəinki Qarabağın, eləcə də Azərbaycanın ticarət, mədəniyyət, siyasi həyatının mərkəzi olur.

 

- Kərim bəy, Şuşanın Azərbaycan üçün tarixi əhəmiyyəti və rolu nədən ibarətdir?

- 1795-ci ildə Ağa Məhəmməd şah Qacar hakimiyyəti ələ aldıqdan sonra Qarabağ xanlığına yürüş edir. Şuşa şəhəri 33 gün mühasirədə qalsa da, Qacar şəhəri tuta bilmir və Tiflisə yönəlib şəhəri yandırır. Lakin bu tarixi hadisə Qarabağ xanlığı tarixi nöqteyi-nəzərdən indiyə qədər düzgün şərh edilmir. Çünki Ağa Məhəmməd şah Qacarın Tiflis yürüşü faktiki olaraq Qarabağ xanlığının və Azərbaycanın digər xanlıqları üçün rəqib olan dövlətə çox ciddi zərbə vurur.

1797-ci ildə Qacar ikinci yürüşündə obyektiv və subyektiv səbəblərdən Şuşaya daxil olur. Şuşa faktiki olaraq Qacarlar dövlətinin siyasi mərkəzinə çevrilir. Ağa Məhəmməd Şah Qacar yeni yaratdığı dövlətin mərkəzi üçün Tehran şəhərini paytaxt seçir. O zaman Tehran kiçik yaşayış məskəni olub, amma Qacar 1797-ci ildə Şuşanı tutduqdan sonra faktiki olaraq orada Qacarlar dövlətinin idarə edilməsi başlayır. Çox təəssüf ki, Ağa Məhəmməd şah Qacar sui-qəsd nəticəsində öldürülür. Bəlkə də Qacar məhz Şuşanı dövlətin paytaxtına çevirmək istəyirdi. Onda Şuşanın funksiyası yeni miqyas alardı.

1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyəti Qarabağ general qubernatorluğu yaratdı. Qarabağ general qubernatorluğu həmin ərazidə Şuşa, Cavanşir və bir neçə qəzaları əhatə edirdi. Bu general qubernatorluğun mərkəzi Şuşa olur. O dövrdə Şuşa Azərbaycan dövləti üçün faktiki olaraq önəmli olan siyasi proseslərin mərkəzinə çevrilir və Azərbaycan dövlətinin bütövlüyünü müdafiə etmək funksiyasını da üzərinə götürür. Bu, bizim üçün çox önəmli və diqqətəlayiq məsələlərdən biridir.

Erməni tarix ədəbiyyatında belə fiksiya baş alıb gedir ki, guya Şuşa erməni şəhəri olub. Bu, tamamilə uydurmadır. Şuşa Azərbaycan şəhəri kimi meydana gəlib, Azərbaycan şəhəri kimi də inkişaf edib. Azərbaycan xalqının ən böyük tarixi hadisələrindən biri odur ki, Azərbaycan dövləti şəhərsalma mədəniyyətinə malik olub. Ermənilər, xüsusilə onların ideoloqlarından olan Zori Balayan Pənah xanı ona görə lənətləyirdi ki, Şuşa şəhərinin əsasını qoyub. Azərbaycan tarixən həmişə şəhərsalma mədəniyyəti yaradıb, Şuşa da Azərbaycan şəhərsalma mədəniyyətinin və yaradıcılığının böyük nümunələrindəndir. Çox maraqlıdır ki, bu şəhər meydana gəldikdən sonra oranın memarlığının formalaşmasında ən böyük rol oynayan əsas xadimlərdən biri Molla Pənah Vaqif olub. Vaqif Qarabağ xanının vəziri idi, poeziyamızın əsas sütunlarından biri olması ilə bərabər, həm də memarlıq təfəkkürünə malik idi. Bu şəhərin arxitekturasının formalaşması, evlərin tikilməsi, küçələrin salınması, daşların döşənməsi və s. ilə bağlı çox mühüm tövsiyələr verib. Şuşa memarlığından yazan müəlliflər də bunu qeyd edirlər.

Molla Pənah Vaqif Şuşada böyük etimad qazanmışdı. Görkəmli ədəbi tənqidçimiz Firidun bəy Köçərli Vaqif yaradıcılığının və poeziyasının Azərbaycan ədəbi dilinin formalaşmasında çox mühüm rola malik olduğunu qeyd edir. Bunun Şuşada, Qarabağ xanlığında yaranması təsadüfi deyil. Şuşa həm açıq muzey kimi formalaşmışdı, həm də Qarabağ xalçaçılığının mərkəzi olub. Adətən bu xalçalar kəndlərdə toxunurdu, amma Şuşa şəhərinin özü də xalçaçılıq mərkəzindən biri kimi Azərbaycan xalçaçılığında yeni tendensiyalar, yeni meyllərin əsasını qoyurdu. Bir sözlə, Şuşa bir çox cəhətdən əhəmiyyətli idi. Şuşanın 28 il işğalda qaldığı dövrdə Azərbaycanın mənəvi, maddi mədəniyyətinə, ədəbiyyatına, musiqisinə ağır zərbə vuruldu. Nə qədər çətin olsa da, bu dağıntıları aradan qaldırmaq mümkündür, amma mənəvi cəhətdən Şuşaya vurulan zərbə çox ağırdır. Şuşanın işğaldan azad olunmasının yaratdığı böyük coşğu 28 ilin ağrı-acısını da yaddan çıxaracaq. Şuşa Azərbaycan şəhərlər ailəsində, ictimai-siyasi və mədəni həyatında yeni səhifə açacaq.

Şuşanın tarixi barədə bildiyimiz və bilmədiyimiz məlumatlar

- Bir çox hərbi ekspertlər qeyd edir ki, Şuşada müharibə aparmaq çox çətindir. Bu mənada Azərbaycan Ordusunun qazandığı uğurların sirrini nədə görürsünüz?

- Azərbaycan tarixində 70-dən çox müharibə olub. Sentyabrın 27-dən başlanan müharibə Azərbaycanın hərb sənətində yeni səhifə açdı. Qarabağın işğal altında olan torpağının hər qarışının azad edilməsinə Azərbaycan silahının, iqtisadi və mədəni inkişafının nəticəsi olaraq baxmalıyıq. Ermənistanın ləğv edilən silahlarına çəkilən xərcləri 4 milyardı da keçib. Ermənistan torpaqlarımızda o qədər istehkamlar yaratmışdı ki, onları aradan qaldırmaq çox çətin idi. Apardığım hesablamalara əsasən, Ermənistan işğal altında olan Azərbaycan torpaqlarının hər min kv.km-nə bəlkə yarım milyondan da çox hərbi istehkamlar yaratmaqla vəsait sərf edib və militaristləşdirmə siyasəti aparıb. Odur ki, işğal altında olan ərazinin hər qarışının azad edilməsi Azərbaycan Ordusunun və Ali Baş Komandanın, hərb elitasının hərb tarixinə yazdığı böyük səlnamədir. Konkret Şuşaya gəldikdə, hərb tarixində ən ağır döyüşlər şəhər döyüşü hesab olunur. Şəhərdə döyüş aparmaq, şəhəri ələ keçirmək hər hansı adi yaşayış məskənini əla keçirməkdən 10 dəfələrlə böyük hərbi istedad, əsgərin böyük qəhrəmanlığını tələb edir. Ermənilər digər əraziləri əldən verdikcə Şuşanı əldə saxlamaq üçün bütün qüvvələrini onun müdafiəsinə səfərbər etmişdi. Şuşanın azad edilməsinə çox böyük fədakarlıq və qəhrəmanlıq həsr olunub. Hərb sənəti nöqteyi-nəzərdən həyata keçirilən tədbirlərə qarşıdakı dövrlərdə düzgün qiymət verə biləcəyik.

Sentyabrın 27-dən əldə edilən qələbələr Azərbaycan dövlət başçısının həyata keçirdiyi, siyasi, iqtisadi, mədəni, diplomatik fəaliyyətin cəmidir. Torpaqlarımızın azad olunması missiyasını isə Azərbaycan Ordusu ən yüksək səviyyədə reallaşdırdı.

Ali Baş Komandanın xüsusilə xarici jurnalistlərin verdiyi suallara çox yüksək səviyyədə verdiyi cavabları qeyd etmək istəyirəm. Azərbaycan Prezidentinin bu müsahibələri ayrıca nəşr olunmalıdır. Bu müsahibələrə Ermənistan-Azərbaycan münaqişəsinin, Qarabağ müharibəsinin ensiklopediyası kimi baxıram. Dövlət başçısı İlham Əliyev bütün çıxışları, müsahibələri və qələbə ilə birlikdə Azərbaycan tarixində ilk dəfə olaraq Qarabağ azadlıq hərəkatının manifestini və ideologiyasını yaratdı. Bizim bir çox mütəfəkkirlərimiz bu sahədə bir çox işlər görsə də, Qarabağın işğal altında olması onu göstərirdi ki, bu ideologiya özünü doğrultmur. Amma Azərbaycan Respublikasının Prezidenti bu çıxışları ilə kompleks şəkildə Qarabağ uğrunda mübarizənin, azadlığın qələbə ideologiyasını formalaşdırdı. Bu ideologiya nəinki bizə işğal altında olan torpaqların azad edilməsinə imkan verdi, o cümlədən Ermənistanın Azərbaycan Ordusuna və dövlətinə qarşı meydana gələcək revanşizm ideologiyasını da dəf edərək aradan qaldıracaq. Azərbaycanın ərazi bütövlüyü, onun sərhədlərinin toxunulmazlığı artıq geridönməz şəkil alacaq.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

\
Tik Toku partdadan imkanlı ailənin NARKOMAN OĞLU NURLAN (VİDEO)
Papanindəki məşhur xala ilə geniş söhbət: Əslində o kimdir?

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi