Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Ali Baş Komandanın rəhbərliyi altında Ordumuz xalqımıza qələbə sevinci bəxş etdi. Uzun illərdən bəri davam edən düşmən işğalına son qoyuldu. Dövlətimizin ərazi bütövlüyü uğrunda balşadılan Vətən müharibəsində xalqımız birlik nümayiş etdirdi.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov deyib.
Onun fikrincə, Azərbaycan xalqı heç vaxt işğal faktı ilə barışmayacağını bütün dünyaya bəyan etmişdi.
"Sentyabrın 27-dən etibarən başlayan əks-hücum əməliyyatları nəticəsində işğalçı Ermənistan ağır məğlubiyyətə uğradıldı. Azərbaycan torpaqlarında ikinci Ermənistan dövləti yaratmaq cəhdləri iflasa uğradı. Cəbhədə tam məğlub olan düşmən tələb olunan bütün prinsipləri aciz şəkildə qəbul edib. Qarabağa heç bir status verilmir. Eyni zamanda Naxçıvanla Azərbaycanın quru əlaqəsi açılır. Bununla da Naxçıvan blokadadan çıxır. Sözsüz ki, Azərbaycanın bölgələri arasında əlaqələrin qurulmasında əhəmiyyətli olacaq. Azərbaycanın haqlı mübarizəsində hər zaman yanında olan qardaş Türkiyə sona qədər xalqımıza dəstəkdir. Ona görə də hazırda əldə edilmiş bəyanatda açıq şəkildə bildirilir ki, Türkiyə sülhməramlı prosesdə iştirak edəcək”.
Aydın Hüseynov vurğulayıb ki, ərazi bütövlüyümüz bərpa olunub:
“Xocalı, Xankəndi, Xocavənd - bu ərazilərin hamısı Azərbaycanın tərkibindədir. Hazırda orada ermənilər yaşayır, bu ərazilərə azərbaycanlılar da köçürüləcək”.
Deputat əlavə edib ki, hazırda işğalçı Ermənistanda cəbhədəki məğlubiyyətin şok effekti yaşanır:
“Ermənistanda iğtişaşlar başlayıb. Ermənilər məğlubiyyətə görə Baş nazir Nikol Paşinyana etiraz edir. Ona görə də yaxın günlərdə Ermənistanda siyasi hakimiyyətin dayaqlarının darmadağın olacağı gözlənilir”.
Oxu24.com
ŞƏRHLƏR