12 yanvar, 1994-cü il. Nyu-York, Brayton-Biç, “Arbat” restoranı.
Rusiyalı miqrantların restoranıydı, “Arbat”. Ona görə də, amerikalılar bura çox nadir hallarda gəlirdilər. Elə həmin gün də restoranda üç nəfərdən başqa heç kim yox idi. Gənc cütlük restoran barının qarşısında əyləşib kokteyl içə-içə şirin-şirin söhbət edirdilər. Cütlükdən iki metr aralıda arxası onlara isə o, əyləşmişdi. Amerikada işləri pis getmirdi onun. Biznesi vardı. Dostlarıyla gün keçirtməkdən zövq alırdı. Son zamanlar əhval-ruhiyyəsi də əlaydı.
Amma ürəyinə nəsə dammışdı həmin gün. Qarşısındakı qrafindən araq süzüb içə-içə qəzetləri vərəqləyirdi, sanki başını qatırdı.
Cütlüyün masadan qəfil durmasını hiss etməmişdi. Ardını barmen danışır:
- O, tez ayağa qalxıb oğlanla qızın arxasınca küçəyə çıxdı. Heç on metr getməmiş səndəlləyib yıxıldı. Boynundan qan sanki fışqırırdı...
Kim idi o adam? Kim idi o cavan oğlan və qız? Nə baş vermişdi axı . Sonradan, hə, polis hadisə yerinə gələndən sonra məlum olacaqdı ki, küçədə yıxılıb qalan bir zamanlar sovetlər ittifaqının əfsanəvi boksçusu Oleq Korotayevdi.
***
1970-ci il, Kuba. Rikardo Kordova Kardinin şərəfinə beynəlxalq boks turniri. Ağır çəkidə final. Rinqdə kubalı boksçu Luis Balyer Korotayevlə qarşılaşır. Kuba rəhbəri Fidel Kastro da zaldadır, finala baxmağa gəlib. Elə ilk raundaca Oleq kubalı boksçunu nokdauna göndərir. Fidel yerindən qalxıb onu alqışlayır. Sonra isə ümumiyyətlə şok yaşanır rus boksçu üçün. Kastro şəxsən öz maşınında Korotayevi qaldığı otelə aparır. Ona qiymətli bıçaq hədiyyə edir...
***
1971-ci il, ABŞ, Las Veqas. Başda Korotayev olmaqla sovet boksçuları amerikalı idmançılarla yoldaşlıq görüşü. Las Veqasın əzəmətli idman sarayında 5 minə yaxın tamaşaçının gözü qarşısında Korotayev həmin vaxt Amerikanın ulduz boksçusu sayılan Marvin Consonu nokauta salır. Görüşü izləyənlər arasında əfsanəvi Məhəmməd Əlinin meneceri Ancelo Dandi də olur. Görüşdən dərhal sonra Oleqin qaldığı otelə gələn Dandi ona bir milyon dollarlıq müqavilə təklif edir. Boksçu təklifə belə cavab verir:
- Mən 250 milyonluq sovet xalqını bir milyon dollara satmaram.
- Bunun başı xarab olub.
Bunu isə Dandi deyir. Və…və təsəvvür edin, bununla bel cibindən brilyant və sapfir qaşlarla bəzədilmiş bir üzüyü onun barmağına taxıb beləcə də deyir:
- Müqaviləni boş ver, eybi yox. Amma bu üzük sənin olsun.
***
Oleq Korotayev 1949-cu il sentyabrın 4-də Sverdlovskda (indiki Yekaterinburq) anadan olmuşdu. Bir müddət hokkey və futbolla maraqlansa da, amma bir gün Anatoli Boqdanovun boks məşqlərinə qatılır. Məhz Boqdanov onun istedadını kəşf edir. Qısa zamanda uğurlara imza atan yeniyetmə Oleqi Moskvaya ali təhsil almağa yollayırlar. Ali təhsil almaqla yanaşı SSRİ çempionatına da qatılır. 3 dəfə SSRİ çempionu olur. Bir maraqlı fakt: Oleq Korotayev ümumilikdə 196 dəfə rinqə çıxıb, bu döyüşlərdə o, 187 qələbə qazanıb. Bu qələbələrin 160-ı nokautla başa çatıb.
Dünya və Avropa çempionatlarında çoxsaylı uğurlara nail olan Oleqin karyerasında bir maraqlı məqam da var; 1974-cü ildə Havanada keçirilən dünya çempionatında amerikalı boksçu Leon Spinksə qalib gəlir. Bu hansı Spinksdi bilirsinizmi?
Vur-tut iki ildən sonra peşəkar boksa üz tutan Spinks Məhəmməd Əlini rinqdən üzü sulu yola salmışdı. Elə həmin Məhəmməd Əli isə Oleqin çıxışlarına baxanda heyrətə gəlmişdi: “Bu adam deyil, rus tankıdı”, demişdi.
***
Amma günlərin bir günü Oleqin həyatını alt-üst edəcək hadisə baş verir. Həmin gün dostlarıyla birgə Moskva ətrafındakı “Rus” restoranına yığışmışdılar. “Rus” Moskvanın “Qızıl gəncliyinin” yığışdığı restoranlardan sayılırdı. Həmin gün restoranda bir vacib persona da vardı: SSRİ daxili işlər naziri Nikolay Şelekovun oğlu İqor. Dostlarıyla başqa masada əylənən İqorla Oleqin mübahisəsi düşür. Birinci boksçunun üzərinə yeriyir. Oleq bir yumruqla nazir oğlunu yerə sərir. Təcili yardım gəlir. Xəstəxanaya aparılan İqor ordan bir də 2 aydan sonra çıxır.
Korotayev həbs edilir. Şelekov oğlunu xəstəxanalıq edən Oleqi ağır cəzalandırır. O, “bədənə ağır xəsarət yetirmə” maddəsindən başqa, “narkotik saxlama”, “soyuq silah gəzdirmə”, “qeyri-qanuni silah saxlama” maddələriylə də ittiham olunurdu. Soyuq silah dedikləri Kastronun ona bağışladığı dəst bıçaq idi. Qeyri qanuni silah saydıqları isə 4 ədəd hədiyyə tapança patronlar. Narkotiki isə onun evinə sadəcə atmışdılar.
Boksçu 5 il müddətinə azadlıqdan məhrum edilir. Günə-gün cəzasını çəkir. Türmədən çıxandan sonra isə o, geri idmana qayıda bilmir. Oğru qanunları ilə yaşayır. 1983-cü ildə yenidən həbs edilir. Bu dəfə xuliqanlıq və yenə də bədənə ağır xəsarət yetirməylə. Bir neçə il də həbsdə yatır. O, həbsdən çıxanda Rusiya kriminal aləmin at oynatdığı bir ölkəyə çevrilmişdi. Ölkə şəhərbəşəhər, kəndbəkənd bu və ya digər kriminal qrupların nəzarətində idi. Korotayev isə artıq özü də istəmədən belə krminal liderə çevrilmişdi.
Onun dostluq etdiyi qanuni oğrular arasında kimlər yox idi? Aleksandr Zaxarov (“Zaxar”), Pavel Zaxarov (“Paşa Siryulnik”) Otari Kvantrişvili “Otarik”), Leonid Zavadski (“Lyonka”), Serqey Mansurov (“Mansur”), Vyaçeslav İvankov (“Yaponçik”), Ural bandasının kiderləri və çox maraqlıdı ki, bir də Hikmət Sabirabadski. Onların harda və necə tanış olması barədə isə dəqiq məlumat yoxdur.
***
1992-ci ildə Korotayev başa düşür ki, kriminal həyatın sonu yoxdur. 90-ların əvvəllərində başlayan kriminal müharibələrdə iştirakdan qaçır. ABŞ-a yollanır. Onun orada hansı işlərlə məşğul olduğu heç kimə bəlli olmayıb. Bircə o məlum imiş ki, kiçik biznesi varmış, həyatın qurubmuş. Korotayev Nyu-Yorkda yaşayırdı. Rus icması arasında xeyriyyəçiliyi ilə də tanınırdı. Məsələn, o, Sergey Atyomov adlı boksçunun müalicəsi üçün 50 min dollar ayırmışdı.
***
…Onun qətli gözlənilməz olmuşdu. Nə ABŞ polisi, nə də Rusiyadan onun qətlini araşdırmaq üçün Nyu-Yorka gedən rusiyalı müstəntiqlər heç bir izə çıxa bilməmişdilər. Restoranda əylənən o iki gəncin kimliyi də məlum olmayıb indiyəcən.
Korotayevin vəsiyyətinə görə, onu Moskvada basdırmışdılar. Dəfndə tanınmış idmançılar, incəsənət nümayəndələri, kriminal avtoritetlər iştirak etmişdilər. Dəfnə bir nəfər də “şahidlik” etmişdi. Başqa bir əfsanə - Vladimir Vısotski. Korotayev onun ayaqları altında dəfn edilmişdi.
Bu da Oleqin vəsiyyəti idi...
Oxu24.com
ŞƏRHLƏR