Payızda karantin rejiminin sərtləşdirilməsinə qarşıyam.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa payız-qış dönəmində karantin qaydalarının yenidən sərtləşdirilmə ehtimalına münasibət bildirərkən deyib. Millət vəkilinin sözlərinə görə, koronavirusa yoluxmuş əksər insanlar xəstəxanaya müraciət etmir, müalicələri evlərində aparılır:
“Ona görə də dövlət evlərdə müalicə alan insanlara dəstək barədə düşünməlidir. Təbii ki, kritik vəziyyət yaranarsa, xəstəxanaya qaldırılanlar da olacaq. Amma əsas diqqət evlərdə müalicə alanların üzərində olmalıdır”.
Deputatın fikrincə, iri ictimai iaşə obyektləri də artıq fəaliyyətə başlamalıdır:
“Sədərək”, “Binə” kimi ticarət mərkəzləri də açılmalıdır. Sadəcə olaraq, bu yerlərə avtobus fəaliyyət göstərməməlidir. Hər kəs şəxsi avtomobildən, taksidən istifadə etməklə öz fəaliyyət sahəsində işinə davam etməlidir. Avtobus və metroların fəaliyyətini məhdudlaşdırmaq olar, çünki ən çox yayılma riski buradadır. Normal iş yerlərində, yaxud ticarət müəssisələrində yayılma riski yüksək deyil”.
Deputat qeyd edib ki, məsafə gözlənilirsə, ara məsafəsi saxlanılırsa, insanların əyləncəsi, istirahəti üçün digər restoranların da açılması məqsədəuyğun olar:
“Bakı küləkli şəhərdir, payızda yağışlar da yağacaq. Kafe və restoranlara yalnız çöldə işləmək üçün icazə vermək həmin müəssisələrin zərərinədir. Ona görə də müəyyən yumşaltmalara getmək olar. Əgər görsək ki, payızda yoluxanların sayı artmaqda davam edir, o zaman sərt karantinə keçə bilərik”.
Oxu24.com
ŞƏRHLƏR