Nazirlər Kabineti yanında Operativ Qərargahın toyların keçirilməməsi ilə bağlı qadağası hələ də qüvvədədir.
Bəs, virus təhlükəsindən qorunmaqla toy məclislərinin keçirilməsi mümkündürmü?
Yazıçı-kulturoloq, Prezident təqaüdçüsü Aydın Xan Əbilov Redaktor.az-a bildirib ki, hər bir insan sivilizasiya faktorunun reallığı ilə barışmalıdır:
“Azərbaycanda toy adət-ənənələri dəyişkən olub. Əsrin əvvəllərinə nəzər salsaq görərik ki, müharibə zamanı olduğu üçün, yas mərasimləri 1 gündən artıq keçirilməyib. O cümlədən toy mərasimləri də indiki kimi olmayıb. Quruculuq illəri başlayandan 90-cı illərin əvvələrinə qədər toy və yas mərasimləri öz fəlsəfəsini, texnologiyası və mahiyyətini dəyişdi, daha çox sosial-mədəni hadisəyə çevrilməyə başladı. Bu gün COVID-19 həyatımıza böyük təsir göstərib.
Bildiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın toy məclislərinin keçirilməsi ilə bağlı qadağası var. Həmçinin, inziabti qaydalara əsasən, buna görə cərimələr tətbiq olunur. Lakin 5 nəfərdən artıq şəxsin bir yerə toplaşmaması, qapalı mühitdə kütləvi məclislərin qadağa edilməsi hamıya təsir edib”.
Ekspertin sözlərinə görə, Azərbaycanın qədim toy adət-ənənələrindən yararlanaraq virusa qarşı kütləvi immunitet yarada bilərik:
“Qədim toy ənənələrimizə əsasən, toylar həyətdə, açıq havada, dağlıq və düzənlik ərazilərdə keçirilirdi. Mağar toylarının quruluş forması elə olurdu ki, bir növ sosial məsafə qorunurdu; gənclər bir, yaşlılar da bir otururdu. Bu ənənələrdən indi də istifadə etmək lazımdır. Biz sözügedən adətləri liberallaşdırıb karantin dövrünə daşımalı və insanlara təqdim etməliyik. Mən düşünürəm ki, qadın və kişi məclisini ayırmaq, məclisdə insan sayını azaltmaq, sosial məsafəni saxlamaq mümkündür.
Artıq qonşu dövlətlərin bir çoxunda toy məclisləri keçirilir. Bizim millətin də nümayəndələri xaricə gedib toy etməklə, onsuzda böhran içində olan toy biznesimizə bir az da zərər vermiş olurlar. Məlumdur ki, toy biznesi çox geniş sahələri; ərzaq, moda, musiqi sənayesindən tutmuş, vergi və sosial sahələri özündə birləşdirir”.
Aydın Xan Əbilov qeyd edib ki, toy biznesinin məhv olmaması, kapital axınının qarşısının alınması üçün Azərbaycanda da toylara hansısa qaydada icazə verməlidir:
“Toyların keçirilməməsi həm də nikahdan kənar münasibətlərin çoxalmasına gətirib çıxaracaq. Nəticədə koronavirus daşıyıcısı olan şəxsdən də dünyaya gələn uşaq ya immunitet zəifliyi, ya daun sindiromlu olaraq doğulacaq. Hesab edirəm ki, müəyyən qayda-qanunlar əsasında toy və yas mərasimlərimiz bərpa olunmalıdır, yoxsa bizi çox böyük fəsadlar gözləyir”.
Millət vəkili Aqil Abbas bildirib ki, vəziyyət təhlil edilərək toylara icazə verə bilərlər:
“Düşünürəm ki, say, maska və sosial məsafə gözlənilməklə toylara icazə verilə bilər. Mən toyların keçirilməsindən yanayam. Çünki toy həm də böyük biznesidir. Heyvandarlıq, əkinçilik, balıqçılıq sahəsindən tutmuş, musiqi ansablı, işçiləri, aşbazlığa qədər hamının zəhməti yerdə qalır”.
Aqil Abbas bildirib ki, hazırki şəraitdə yas mərasimlərinin keçirilməməsi az da olsa başa düşüləndir: “Xalqımız artıq yas mərasimlərinin qısa müddətli keçirilməsinə öyrəşməyə başlayıb. Yas yerini tez tərk etmək elə ən doğrusudur. Çünki bu xəstəlik ən çox yas mərasimlərində yayılır”.
Oxu24.com
ŞƏRHLƏR