Səbail Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, İdarəyə Elşad adlı şəxsin "Sahil” bağında üzərində odlu silahla hərəkət etəməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, Sabunçu rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elşad Əliyev saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd texniki cəhətdən işlək vəziyyətdə olan atəş üçün yararlı "Naqan” sistemli revolver tapança və həmin silaha aid 7 ədəd patron aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Elşad Əliyevin Nərimanov rayonunda yaşadığı evdən əlavə 1 ədəd əl qumbarası, onun alışqanı və 1 ədəd partlayıcı maddə aşkar olunaraq götürülüb. Araşdırmalarla müəyyən edilib ki, silah-sursat Elşad Əliyevə 2007-ci ildə dünyasını dəyişən atasından qalıb və o, bu günə kimi həmin döyüş ləvazimatlarını polisə təhvil verməyərək qanunsuz olaraq özündə saxlayıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Elşad Əliyev barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR