Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti 9 may 2020-ci il saat 06.00-dan bərpa edilib.
“Bakı Metropoliteni” QSC-dən Oxu24.com-a verilən məlumata görə, yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar pandemiya dövründə Bakı metropoliteni fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına uyğun qurmalıdır.
Bu xüsusda “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”in tələblərinə əməl olunmalı, o cümlədən metropolitendə hərəkət edən sərnişinlər tibbi maska taxmalıdırlar. Lakin mayın 9-da metropolitenin “20 Yanvar” stansiyasında 1986-cı il təvəllüdlü Bakı şəhər sakini Nicat Rəhmanoğlu polisin tibbi maska taxmaq barədə göstərişinə əməl etməyərək mübahisə edib. Polis əməkdaşının metodiki göstərişin müvafiq tələbini izah etməsinə məhəl qoymayan sərnişin inzibati məsuliyyətə cəlb edilib.
İnzibati Xətalar Məcəlləsinin 535. 1 maddəsinin tələblərinə zidd hərəkət etmiş Nicat Rəhmanoğlu Yasamal rayon məhkəməsində səhvini etiraf edib. Ona 10 sutka həbs cəzası verilib.
Ümumən, metropoliten ərazisində 167 nəfərə rəsmi xəbərdarlıq edilib. Qayda pozuntusuna təkrar yol verəcəkləri təqdirdə İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyətə cəlb olunacaqları onlara bildirilib.
“Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə bir daha çatdırır ki, Operativ Qərargahın müvafiq metodiki göstərişinə, o cümlədən tibbi maskanın taxılması barədə qaydaya əməl edilməlidir. Əks təqdirdə qaydanı pozan sərnişinlər inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.
Oxu24.com
ŞƏRHLƏR