“Səhhətim sözümə baxmır. Əksinə, daha da geriləyir. Bunlara baxmayaraq, müalicəmi davam etdirirəm. Bir saat olar ki, həkimdən evə gəlmişəm. Bir az həyəcanlanan kimi bədənim əsməyə başlayır. Çox pis xəstəliyə düçar olmuşam”.
Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində məşhur aktyor Allahverdi Yolçuyev deyib.
Parkinson xəstəliyindən əziyyət çəkən sənətkar işləmədiyini və bu çətin dövrdə bir çox məşhurların ona etdiyi ərzaq yardımlarından söz açıb:
“Heç bir yerdə işləmirəm. Bu, karantindən öncə də belə idi, indi də. Evdə də heç kim işləmir. Dövlətin karantin müddətində vətəndaşlar üçün ayırdığı 190 manatlıq yardımı almaq üçün aidiyyəti quruma müraciət etsəm də, cavab almadım. Qaynar xətlərinə də dəfələrlə zəng vurub 190 manatla bağlı yardım haqqında informasiya almaq cəhdlərim fayda vermədi.
Zaur Baxşəliyev, Saleh Bağırov, Hacı Nuran, Aşıq Namiq, Lamiyə Ələkbərova ərzaq yardımı etdilər. Elə onlarla dolanırıq, bir az qalıb”.
A.Yolçuyev hələ də fəxri ada layiq görülmədiyini dilə gətirib:
“40 ildir ki, ömrümü bu sənətə həsr etsəm də, fəxri adım yoxdur. Heç kim mənimlə maraqlanmır. Yəqin, nəzərdən kənardan qalmışam”.
Teatrdan uzaqlaşan, işsizlikdən gileylənən aktyor aylar öncə “Xəzər TV”də fəaliyyət göstərən dublyaj redaksiyasından 25 manat pul aldığını söyləyib:
“Gənc Tamaşaçılar Teatrından çoxdan ayrılmışam. Sonuncu dəfə orada 60 illik yubileyimlə əlaqədar “Türk əsəri” tamaşasında çıxış etdim. Biz aktyorlarla heç kim maraqlanmır. Aktyor heç kimə lazım deyil. Tək mən deyiləm. Aktyora pul verməklə deyil. Onun həyatı səhnədir. Aktyor səhnəyə gəlib, orada da ölməlidir. Aktyoru təqaüdə çıxararlar? Bu, dünyanın heç bir ölkəsində yoxdur.
Təqaüd almıram. Heç təqaüd yaşım da deyil. Qapı-qapı gəzməyi sevmirəm. İndi dublyaj da yoxdur. “Xəzər TV”nin dublyajına ara-sıra gedirdim. İndi karantinə görə ora da fəaliyyətini dayandırıb. Heç bilinmir, nə zaman açılacaq. Həftədə bir-iki dəfə gedirdim. 20-25 manat pul verirdilər”.
Maddi baxımdan sıxıntı çəkən A.Yolçuyev yaşamaq və ailəsini saxlamaq üçün mübarizə etdiyini və vəziyyətinin pis olduğunu bildirib:
“İnsanlara bacardığım qədər kömək olmuşam. Onları bu sənət yolunda önə çəkmişəm. Efirə çıxarmışam. Amma heç kimi qınamıram. Heç kimi də məcbur etmirəm ki, mənə yardım etsin. Hamımız ölüb gedəcəyik bu dünyadan. Öləndən sonra tərifləyib, göyə qaldırırlar. Sağlığında insana dəyər və qiymət vermək lazımdır.
Evimi satışa çıxarmalıyam ki, ailəmi dolandırım? Camaata ev verirlər, mən isə evimi satmalıyam ki yaşayım...”
Oxu24.com
ŞƏRHLƏR