Quba rayonunda qətl törətməkdə təqsirli bilinən Cavid Əhmədxanov və onun qardaşı Cabir Əhmədxanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.
İttihama görə, ötən il iyulun 22-də, gecə saat 23 radələrində Quba rayonunun Aşağı-Atuc kəndi ərazisindəki kafelərdən birinin qarşısından Aşağı-Xuc kənd sakini Babək Şükürov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.
Quba rayon polis şöbəsi və rayon prokurorluğu əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Cavid Əhmədxanov saxlanılıb.
Məlum olub ki, Cavid Əhmədov qətl hadisəsini qardaşı Cabirlə birlikdə törədiblər.
Cavid Əhmədxanov dostu ilə kafedə xeyli vaxt oturub. Kafe sahibi ondan masanı boşaltmasını xahiş edib. Lakin Cavid Əhmədxanov kafe sahibinin sözünə əməl etməyib və onunla mübahisəyə başlayıb. Digər masadan 30 yaşlı Babək həmin şəxsdən sakit olmasını istəyib.
Əvvəllər həbsxana həyatı yaşamış Cavid Əhmədxanov Babəkin sözünə əsəbiləşib və onunla dava etməyə başlayıb. O, üzərində gəzdirdiyi bıçaqla kafe sahibini müdafiə edən şəxsi ağır xəsarətlə qətlə yetirib.
İstintaq orqanı tərəfindən Cavid və Cabir Əhmədxanov qardaşlarının barəsində Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddəsi ilə ittiham elan edilib.
Oxu24.com
ŞƏRHLƏR