Nə qədər yazılsa da, nə qədər deyilsə də gəlinlərimiz evlərindən qaçmaqda davam edirlər.
Kimi onların didərgin düşməsinin səbəbini ərdə, kimi qaynanada, kimi baldızda, kimi anada, kimisi də gəlində görür. Hər kəsdən bir "avaz" eşidilir. Gəlinləri qınayanlar da çox olur, tərəfini saxlayanlar da. Amma nə olursa, olsun, nəticə eynidir. Ortada bir qadın, bir həyat yoldaşı, ən əsas da bir ananın yoxa çıxması faktı var.
Maraqlıdır, gəlinlərimiz niyə evdən qaçır?
Redaktor.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bu halların baş verməsinin ilkin səbəbi cəmiyyətdə mənəvi dəyərlərin yox səviyyəsində olmasıdır:
“Nə vaxt cəmiyyətdə mənəvi dəyər anlayışı öndə olub, həmin cəmiyyət öz-özünü tənzimləyib. Mənəvi dəyərlər sıxışdırılanda bu kimi hadisələr çoxalır. Bütün ölkələrdə bu proses gedir, Azərbaycanda isə proses daha ağır davam edir. İndi insanlar bir-birləri ilə mənəvi keyfiyyətləri ilə yarışmırlar, özünün dəbdəbəsi, fiziki gücü, madiyyatı ilə fəxr edirlər. Hər kəs çalışır ki, səlahiyyəti olsun, seçilsin”.
Ə.Qəşəmoğlu qeyd edib ki, mənəvi dəyəri öndə olan ailələrdə hər şey qaydasında gedir:
“Maddi çətinlik olanda da həmin ailə dözümlülük göstərir. İnsanların davranışına təsir edən 4 mühüm amil var. Birinci insanın öz fitrətidir, ikinci mühit, üçüncü insanın aldığı informasiya, dördüncü isə hər bir insanın üstünlük verdiyi dəyərdir. Bu dörd amil birlikdə insanın davranışını müəyyən edir. Evdən qaçan xanımlara bu davranışlar ciddi təsir edir.”
Sosioloqun fikrlərinə görə, media da belə halların baş verməsinə zəmin yaradır:
“Qadın baxır televiziyaya fikirləşir ki, mən niyə evdən qaça bilmirəm. Televiziyada, saytlarda sensasiya xətrinə bu məlumatları verməklə belə hadisələri adiləşdiririk. Bu məsələdə mühitin də təsiri çox böyükdür, çünki hazırda bu cür məsələlərdə ictimai qaınaq yoxdur. Cəmiyyət də belə hadisələrə etinasızlaşıb. Qanunvericilik bazamız belə vəziyyətlərdə lazımı səviyyədə deyil. Ən əsas da fitrətdir. Hər adam evdən qaça bilməz”.
Sosioloq hesab edir ki, vəziyyətin yeganə çıxış yolu elmi təbliğatdır:
“Mürəkkəbləşən cəmiyyətdə elmi əsaslarla fəaliyyət proqramları, yol xəritələri hazırlanır ki, cəmiyyətdə bu işlərin qarşısı alınsın. Bu zaman məlum olur ki, qanunvericilikdə hansı dəyişikliklər olmalı, hansı inzibati işlər görülməli, informasiya siyasəti necə qurulmalıdır.
Oxu24.com
ŞƏRHLƏR