Ağız, üz, çənə qüsurları anadangəlmə və sonradan qazanılma olmaqla iki yerə bölünür. Anadangəlmə qüsurlar deyəndə öncə xalq arasında dodaq, damaq yarıqları göz önünə gəlir.
Bu barədə Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin açıqladığı məlumatda bildirilir. Məlumatda qeyd olunub ki, bundan başqa, körpə hələ ana bətnindəykən alt çənənin tamamilə inkişafdan qalması, üst çənədə yaranan fərqli sindromları da qeyd etmək olar. Bu qüsurlar aradan qaldırılmasa, funksional olaraq hərəkətlər düzgün icra olunmur. Məsələn, çeynənmə normal getmir, həzm prosesi normal icra olunmur. Çənə bağlanışı normal bir şəkildə olmasa, daha yuxarı yaşlarda gicgah-çənə oynaqlarında problemlər ortaya çıxır. Həm də ən əsas məqamlardan biri də budur ki, belə problemi olan insanlar böyük kompleks içində olurlar. Məsələn, onlar sərbəst olmurlar, danışmaqdan, şəkil çəkdirməkdən yayınırlar, psixoloji baryerləri heç bir şəkildə aşa bilmirlər. Bu, onların həyatlarını istədikləri şəkildə qurmalarına mane olur.
Qeyd olunub ki, uşaqların əmzikdən daha çox istifadə etməsi, barmağını sorması, ananın uşağa uzun müddət süd verməsi və tənəffüs problemləri çənənin qapanmasında qüsurlara səbəb olur. Çənənin bəlli bir şəkildə qapanma forması var. Amma qüsur olanda alt çənə tamamilə önə çıxmış, üst çənə isə alt çənəni tamamən örtmüş bir şəkildə olur. Bəzən isə üst çənə tamamilə inkişafdan qalır və gözaltı bölgənin çökük şəklində qalmasına səbəb olur. Oxu24.com
ŞƏRHLƏR