İrana gedən azərbaycanlıların sayında 71,4 faiz artım müşahidə olunur.
Azərbaycan vətəndaşlarının daha çox üz tutduğu ölkələrdən biri İran hesab olunur. Demək olar ki, ilin hər fəslində İrana səyahət edən vətəndaşlarımız var. Bu axının maraq doğuran tərəfləri isə şübhəsiz ki, mövcuddur.
Görəsən, vətəndaşlarımızın İrana üz tutmağına hansı amillər təsir edir?
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, turizm üzrə ekspert Azər Allahverənov Redaktor.az-a açıqlamasında bildirib ki, vətəndaşlarımız daha çox turizm, səhiyyə və ticarət məsələlələri ilə bağlı İrana gedirlər:
“Birincisi, İran ərazisində fəaliyyət göstərən dini mərkəzlərin mövcud olmasıdır. Bəzi vətəndaşlarımız məhz dini səfər məqsədi ilə yola çıxırlar. Bu axın miqrasiya axınına birbaşa təsir edir. İkinci səbəb daha çox tibbi istiqamət üzrədir. Müayinə, müalicə və ya əməliyyat üçün İrana gedən azərbaycanlıların sayında artım hər zaman müşahidə olunur. Hətta bu məsələni İran rəsmiləri xüsusən dilə gətirmişdilər və səhiyyə turizmi kimi dəyərləndirmişdilər. Üçüncü amil İranda kifayət qədər soydaşlarımızın yaşamasıdır. Əksər vətəndaşlar İranda yaşayan qohumlarını ziyarət etmək üçün bu ölkəyə üz tuturlar. Dördüncü səbəb isə ticarət mübadiləsi ilə bağlıdır. Azərbaycanda kifayət qədər İran şirkətləri var və bu şirkətlər əsasən ticarət sahəsində təmsil olunurlar. Nəticədə vətəndaşlarımızn əksəriyyəti İranla Azərbaycan arasında olan ticarət mübadiləsində fəal şəkildə iştirak edirlər. Bu fəallıq xüsusən də orta və xırda ticarətdə özünü biruzə verir”.
Ekspert vurğulayıb ki, Azərbaycanla İran arasında çox sıx miqrasiya xidmətinin olmasında turist axının rolu böyükdür:
“Bu axın fonunda vətəndaşlarımızın müəyyən qazancları olur. Məsələn, vətəndaşlarımızın İranda yerləşən müqəddəs yerləri ziyarət etməsi onların maraqlarına cavab verir. Kapital baxımından turist axını İrana müəyyən vəsait qazandırsa da, dini baxımdan vətəndaşlarımız məqsədlərinə çatır. Eyni zamanda qohumlarla görüş məsələsində də bu tendensiya keçərlidir. Səhiyyə və turizm məsələsində isə İranda qiymətlər vətəndaşlarımız üçün əlverişlidir. Xüsusən də sərhədyanı bölgələrdə yaşayan vətəndaşlarımız ticari baxımdan İrana üz tutmağa daha çox meyllidir. Ümumilikdə bu nüanslar daxili turizm imkanlarının azalmasına səbəb olur. Lakin Azərbaycanın turizm sahəsində xarici turist seqmentinin əsas olduğunu unutmamalıyıq. Yəni, ölkəmizə bir çox xarici ölkələrdən də turistlər gəlir. Bu fonda vətəndaşlarımızın İrana üz tutması ciddi zərərə səbəb olmur”.
İranlı turistlərin Azərbaycana marağına da toxunan A.Allahverənov qeyd edib ki, iranlılar ölkəmizə daha çox bayramlarda gəlməyə üstünlük verir:
“İranlılar xüsusən Novruz və Ramazan bayramlarında ölkəmizə səyahət edirlər. Onların əksəriyyəti artıq Azərbaycanda dostluq-qardaşlıq əlaqələri quran şəxslər olur. Bayram ərəfələrində Azərbaycana gələn iranlıların sayı pik həddə çatır. Digər aylarda isə ölkəyə gələn iranlı turistlərin sayı az olur”.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən azərbaycanlıların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz artaraq 2540,9 min nəfər olub. Bu vətəndaşlarının 39,1%-i İrana z tutub.
Oxu24.com
ŞƏRHLƏR